YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qazaxıstan arasında mədəniyyət və turizm sahəsində əlaqələr müzakirə olunub

Oktyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikası Xarici İşlər nazirinin birinci müavini Rapil Coşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ə.Qarayev Azərbaycan ilə Qazaxıstan arasındakı mədəniyyət və turizm sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən söz açıb.

Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi və ənənəvi köklərə malik olduğunu diqqətə çatdıran mədəniyyət və turizm naziri vurğulayıb ki, bu səbəbdən də hər iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə birgə rəylə çıxış edir.

Azərbaycanın turizm vasitəsilə öz mədəni irsini tanıtdığını, təbliğ etdiyini söyləyən Əbülfəs Qarayev qeyd edib ki, Qazaxıstanın turizm şirkətlərinin ölkəmizdə keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakı müştərək əlaqələrə zəmin yara bilər. Bu sahədə əməkdaşlıq haqqında sənədlər imzalanmalıdır. Lazım gələrsə beynəlxalq tədbirlərdə birgə stendlərlə də çıxış etmək olar.

Nazir qonaqları gələn il ölkəmizdə keçiriləcək Üçüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Rapil Coşıbayev səmimi qəbula görə təşəkkürünü bildirərək, 2017-ci ildə Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq EKSPO sərgisinə hazırlaşdıqlarını və ölkəsində mədəniyyət və turizm sahəsindəki yeniliklər barədə məlumat verib.

Azərbaycanın regionda mühüm bir dövlət olduğunu bildirən qonaq ölkəmizin sərgidə iştirakını önəmli hesab etdiyini dilə gətirib.

Nazir müavini bildirib ki, Qazaxıstanın Azərbaycanla hərtərəfli əlaqələri mövcuddur və turizm sahəsində də əməkdaşlıq daha da genişlənir. Bu səbəbdən də istərdik ki, sərgidə Azərbaycanın həm mədəniyyəti, həm də turizm imkanları geniş sərgilənsin.

Qazaxıstan Respublikası Xarici İşlər nazirinin birinci müavini beynəlxalq sərgidə dünyanın 100-dən artıq ölkəsinin iştirak edəcəyini nəzərə çatdırıb.

Sonda Qazaxıstanın “Astana EKSPO -2017” milli şirkəti ilə Azərbaycan Turizm Assosiasiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.