YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub

Sentyabrın 25-də parlamentdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub.

Konfransda çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur. Bu çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır. Ölkələr, hökumətlər və beynəlxalq təsisatlar bu çağırışlara vaxtında cavab vermək və yaranan yeni imkanlardan yararlanmaq üçün birgə fəaliyyətə məcburdurlar. Bu baxımdan BMT-nin ərzaq və kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinə dair həyata keçirdiyi uzunmüddətli tədbirlər təqdirəlayiqdir.

Eldar İbrahimov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə 2003-2005-ci illər üçün Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyilləri davam etdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, eyni zamanda, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı və regional inkişafa dair Dövlət Proqramı qəbul edilib. Bu dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bu sahədə köklü dəyişikliklər baş verdi.

Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman siyasətimizin mərkəzində insan amilinin olduğunu deyir. Bunun əyani sübutu kimi, təkcə onu demək kifayətdir ki, son 15 ildə ölkədə ümumi daxili məhsul hər il orta hesabla 10-10,6 faiz, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3,8 dəfə artıb, minimum sosial standartların səviyyəsi, əhalinin gəlirləri dəfələrlə yüksəlib, inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilib. Bununla belə, dayanıqlı inkişaf məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi bu işlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai əvvəlcə Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, üç il əvvəl dünya liderləri aclığın, yoxsulluğun, ayri-seçkiliyə gətirən amillərin aradan qaldırılması kimi bir sıra məqsədləri qəbul ediblər. Bunun mərkəzini təşkil edən əsas məsələ kənd təsərrüfatı və qidalanmadır. Bu hədəflərin qəbul edilməsindən üç il keçib və bu gün dünyada 50 milyondan çox kasıb var. Hər üç nəfərdən biri düzgün qidalanmır. Bu da onu göstərir ki, üç il əvvəl razılaşdırılan bu sistem öz yerini tutmayıb, düzgün tarazlanmayıb. Bu işi çətinləşdirən iqlim dəyişikliyi, miqrasiya kimi bəzi fövqəladə amillər də var. Bu şəraitdə yeganə ümid isə Dayanıqlı İnkişaf Məqsədləridir. Bu şəraitdə hökumətlər növbəti 12 il üçün müvafiq siyasət qəbul edib. Bu sahədə Azərbaycanın konkret addımlar atması çox sevindiricidir.

Qulam İshaqzai deyib ki, hazırda BMT-nin müvafiq qurumlarının dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesi gedir. O, dayanıqlı inkişafın əsas prinsiplərini, Minilliyin Bəyannaməsini, Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş “2030 Gündəliyi”nin başlıca prinsiplərini qeyd edib. Bildirilib ki, “2030 Gündəliyi”nin məqsədi və hədəfləri universal

xarakter daşıdığından dünyadakı bütün insanların maraqlarına xidmət edir.

“Ümumi prinsiplər odur ki, milli qanunvericilik orqanları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə uyğun forma alsın və müvafiq büdcə ilə dəstəklənsin. Parlamentin bu sahədə xüsusi rolu var. Ona görə ki, parlament insan və hökumət qurumları arasında bir körpüdür. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas məqsədi insanların həyat standartlarının təkmilləşməsidir”, - deyə Qulam İshaqzai qeyd edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, FAO Azərbaycanla əməkdaşlığını çox yüksək qiymətləndirir. Ona görə də FAO ilk dəfə olaraq 2015-ci ildə Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisini açdı. Yəni, Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş bir ölkə kimi dəyərləndirilir. O, eyni zamanda, Azərbaycanın iqtisadi inkişaf, qida təhlükəsizliyinin təmini sahəsində gördüyü işləri xüsusi vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova mövzunun əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkəmiz ilə BMT və onun bütün qurumları, o cümlədən FAO arasında çox geniş əməkdaşlıq var. BMT-nin Minilliyin İnkişafı Məqsədlərinin icrası ərəfəsində Azərbaycan əhəmiyyətli irəliləyişlərə nail olub.

Sevinc Həsənova qeyd edib ki, ölkəmizdə ifrat yoxsulluq tamamilə aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi on dəfə azalıb, ümumi daxili məhsul üç dəfədən, əhalinin gəlirləri on dəfədən çox artıb, işsizlik beş faizə endirilib. Ərzaq təhlükəsizliyi Proqramının icrası nəticəsində ölkəmizdə aclıq probleminə son qoyulub.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talibov bildirib ki, burada müzakirə olunan “2030 Gündəliyi”, ümumiyyətlə, bütün dünyada yüksək dəyərləndirilir. Ona görə ki, bu sənəd inkişaf səviyyəsindən asılı olmayaraq, bütün dövlətləri fəaliyyətə səsləyir. “2030 Gündəliyi”nin əsas qayəsi dayanıqlı inkişafın insanların cari tələbatını gələcək nəsillərə ziyan vermədən ödəmək imkanının yaradılmasıdır. Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sektoru, ümumiyyətlə, bütün dünyada çox ciddi əhəmiyyət kəsb etməklə yanaşı, həm də yoxsulluqla mübarizədə ən vacib mənbələr kimi çıxış edir.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.