YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev KXDR-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.

Səfir Kim Hen Cun fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kim Hen Cun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı gələcək illərdə ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT və Qoşulmama Hərəkatında fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində konfransının keçirildiyini və tədbir çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycanın gələn il bu təşkilatın sammitinə ev sahibliyi edəcəyini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin müxtəlif formatlarda bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.

Səfir Kim Hen Cun, ilk növbədə, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini qeyd edərək, ikitərəfli münasibətlərimizin əsasının rəhbər Kim İr Sen və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Səfir vurğuladı ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini ilk tanıyan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikası olub və bu illərdə əlaqələrimiz inkişaf edib.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Ina və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.