YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər

«1875-ci il iyulun 22-də böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz olan “Əkinçi” xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaratdı. Bununla da,  milli tariximizə öz töhfəsini vermiş oldu. Bu baxımdan, qeyd etmək istərdim ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olaraq cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb». Bu fikirləri yap.org.az saytına «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, milli mətbuatımız ötən 143 ildə çətin və şərəfli yol keçib. Onun sözlərinə görə, indiki müasir səviyyəsinə çatana qədər mətbuatımız keşməkeşli yollar keçərək bir çox tarixi hadisələrə sinə gərib, çətinliklərdən keçib. Müasir mətbuatımız da məhz öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir.

«Sovetlər dövründə mətbuat kommunizm  ideologiyasına xidmət etsə də, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda  rəhbərliyə gəlməsindən sonra mətbuatımız milli düşüncənin və milli şüurun inkişafında mühüm rol oynamağa başladı. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə  mətbuatımızın inkişafında yeni mərhələ başlandı. O zaman ilk müstəqil qəzetlər yaranmağa başlasa da, hakimiyyətdə olan qüvvələr onun inkişafına diqqətlə yanaşmadı və əksinə, 1993-cü ilin əvvəlində senzuranın tətbiq olunması ilə söz azadlığına ciddi məhdudiyyətlər qoyuldu. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil mətbuata dövlət tərəfindən dəstək göstərilməyə başlandı. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq xalq tərəfindən qəbul olunmuş ilk milli Konstitusiyamızda söz, fikir və məlumat azadlığı tam təsbit olundu və bununla da, ölkəmizdə azad mətbuatın hüquqi bazasının əsasları müəyyənləşdirildi. Bundan sonrakı mərhələdə isə Ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımızın inkişafı üçün bir sıra fərman və sərəncamlar imzalandı, «Kütləvi informasiya vasitələri haqqında» qanun və s. hüquqi sənədlər qəbul olundu. Bütün bunlara görə haqlı olaraq deyirik ki, Azərbaycanda milli mətbuata dövlət qayğısının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub»-deyə, B.Quliyev vurğulayıb.

Baş redaktor qeyd edib ki, Ulu öndərimizin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Prezident İlham Əliyevin mediaya xüsusi diqqətlə yanaşdığını deyən B.Quliyevin sözlərinə görə, bunun nəticəsidir ki,  Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb.

«Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu gün ölkəmizin kütləvit informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir. Eyni zamanda, güclü internet resursu formalaşıb, onlayn media sürətlə inkişaf edir. Artıq ölkə əhalisinin 80 faizinin internet istifadəçisi olduğunu nəzərə alsaq, bu faktorun nə qədər böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik.  Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Azərbaycanda internet və sosial media azadlığı ən yüksək həddə inkişaf edib. Hesab edirəm ki, Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər. Dövlətimizin başçısı son 15 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb. Ölkə Prezidenti, həmçinin, jurnalistlərin sosial problemlərinin həllini, eləcə də, mətbuatın maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün təmənnasız olaraq yaşayış binalarının tikilib istifadəyə verilməsi, vaxtaşırı olaraq KİV-lərə maliyyə dəstəyinin göstərilməsi və s. faktlar fikrimizi sübut edir. Fikrimcə, bütün bunlar adekvat olaraq ölkə mediasının üzərinə mühüm vəzifələr qoyur. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Hesab edirəm ki, mətbuatımız bu vəzifələri layiqincə yerinə yetirmək əzmindədir»-deyə, B.Quliyev vurğulayıb.