YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

İyunun 30-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirənin qarşıda duran vəzifələrə həsr olunduğunu bildirib. Bu tədbirin  11 aprel prezident seçkilərindən sonra keçirilən ilk müşavirə olduğunu deyən Əli Əhmədov qeyd edib ki, prezident seçkiləri kampaniyasında partiyanın yerli strukturları yüksək fəallıq göstəriblər. Seçki kampaniyasının bütün mərhələlərində partiyamız və onun bütün fəalları, eləcə də gənclər  xüsusilə fərqləniblər.  O, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçki kampaniyasında partiyamızın üzvlərinin aktiv iştirakını yüksək dəyərləndirdiyini deyib və buna görə də, dövlət başçısının təşəkkürünü YAP fəallarına, rayon və şəhər təşkilatlarına çatdırıb.

«Seçki kampaniyası dövründə ictimai rəy cənab İlham Əliyevin qələbə qazanacağını şərtləndirirdi. Çünki son 15 ildə qazanılan böyük nailiyyətlər partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini özündə ehtiva edirdi. Və 11 aprel prezident seçkilərində ölkə vətəndaşları bir daha Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verdi»-deyən, YAP Sədrinin müavini söyləyib ki,  qarşıdakı 7 il ərzində də Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edəcək və ölkəmizə yeni-yeni nailiyyətlər qazandıracaq. Onun fikrincə, növbəti 7 il ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da güclənəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək və əhalinin rifahı yüksələcək.

Bu il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu deyən Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunmasını mühüm hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad isə dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi.

Seçkilərin hər bir siyasi partiyanın fəaliyyətinin əsasını təşkil etdiyini deyən Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası da hər bir seçkiyə daim yüksək məsuliyyətlə yanaşır. Çünki siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək və uğur qazanmaqdır.

Ölkəmizdə 2019-cu ildə bələdiyyə, 2020-ci ildə isə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdıran YAP Sədrinin müavini partiyamızın bu seçki kampaniyalarında da yüksək fəallıq və uğurlu nəticə göstərəcəyinə əminliyini ifadə edib.

Müşavirədə qarşıda duran vəzifələrlə əlaqədar partiyanın yerli strukturlarına tövsiyə və tapşırıqlar verilib.