YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Məmmədov: Səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səsvermədə iştirakına tam şərait yaradılacaq

Digər seçici qrupları kimi, səhhəti ilə əlaqədar səhiyyə müəssisələrində müvəqqəti yerləşən şəxslərə həmin yerlərdə yaradılan məntəqələrdə səs verməyə imkan yaradılacaq. Hazırda sayı üç mindən artıq olan belə seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün Seçki Məcəlləsindən irəli gələrək Mərkəzi Seçki Komissiyası (MSK) Səhiyyə Nazirliyi ilə birgə tədbir keçirir.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. “Mərkəzi Seçki Komissiyası çalışır ki, səsvermə prosesində seçki hüququ olan heç kəs kənarda qalmasın. Hər bir vətəndaşın konstitusion hüququ nəzərə alınaraq, onun seçkilərdə iştirakı təmin edilir”, - deyə o qeyd edib. N.Məmmədov həm də bildirib ki, səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqələrinə gələ bilməyən seçicilərin də sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılacaq.

MSK sədrinin müavini qeyd edib ki, seçki ərəfəsində 18 istiqamətdə maarifləndirmə proqramları hazırlanıb tətbiq edilməkdədir. Ümumilikdə 50 gündən artıq müddət ərzində icrası nəzərdə tutulan bu tədbirlərin xeyli hissəsi artıq arxada qalıb və müxtəlif seçici qrupları üçün faydalı olacağına inanırıq. Bu gün Səhiyyə Nazirliyi ilə birgə təşkil edilən seminar-müşavirə kimi, indiyədək kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılan bütün layihələr aidiyyəti müxtəlif digər qurumlarla birgə reallaşdırılıb.

Natiq Məmmədov seçkilərə hazırlığın bəzi məqamları ilə bağlı da məlumat verib. O bildirib ki, min məntəqədə veb-kameraların quraşdırılması işi başa çatmaq üzrədir. Bu məntəqələrin yaxın günlərdə ictimaiyyətə təqdimatı olacaq. Seçki məntəqələrində quraşdırılan veb-kameralar şəffaflığa çox mühüm töhfə verir. Bununla yanaşı, hər seçkidə olduğu kimi, bu dəfə də səslərin operativ hesablanıb ictimaiyyətə çatdırılması mümkün olacaq. Səsvermə prosesinin obyektiv, şəffaf keçirilməsi səslərin operativ hesablanması işini də asanlaşdırır.