YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələri müzakirə edilib

Sentyabrın 17-də Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Buntestaqının iqtisadi inkişaf komitəsinin sədri xanım Daqmar Vöhrl və iqtisadiyyat və energetika komitəsinin sədri Peter Ramsauer ilə görüşüb.

Görüşdə V. Ələsgərov Almaniya və Azərbaycan arasındakı münasibətlərdən söhbət açıb. O, parlamentlərarası əlaqələrin ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı rolu xüsusi vurğulayıb.

V. Ələsgərov Milli Məclisin fəaliyyəti, Azərbaycanda son 10 ildə əldə edilmiş uğurlar, sosial-iqtisadi tərəqqi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Həmçinin ölkədə insan kapitalının inkişafı üçün həyata keçirilən tədbirlərdən də danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan V. Ələsgərov qeyd edib ki, bu münaqişə nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Buna baxmayaraq Azərbaycan sürətlə inkişaf edir, uğurlu layihələrə imza atır. V.Ələsgərov vurğulayıb ki, regional sülh və sabitliyə təhdid olan bu münaqişə tezliklə həll edilməlidir, beynəlxalq ictimaiyyət bunun üçün səyini artırmalıdır. Azərbaycan haqqında fikir söyləyərkən bütün bunlar nəzərə alınmalıdır.

Daqmar Vöhrl Azərbaycanda səfərdə olduqları müddətdə bir sıra vacib görüşlər keçirdiklərini və bu səfərdən zəngin təəssüratla qayıdacaqlarını deyib. Ölkəmizdə sürətli inkişaf proseslərini müşahidə etdiklərini vurğulayan D.Vöhrl Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə sıx əlaqələrin yarandığını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel də görüşdə iştirak edib.