YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Bundestaqı komissiyalarının sədrləri Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində olublar

Sentyabrın 17-də Almaniya Bundestaqı komissiyalarının sədrləri Azərbaycana səfərləri çərçivəsində Bakı Slavyan Universitetinin nəzdindəki Məktəb-Lisey Kompleksində olublar.

Alman dilini öyrənən V sinif şagirdləri ilə görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer, iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri xanım Daqmar Vöhrl, eləcə də Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel iştirak ediblər.

Kompleksin direktoru İlahə Carçıyeva rəhbərlik etdiyi təhsil müəssisəsində xarici dillərin, o cümlədən alman dilinin tədrisinin vəziyyəti barədə məlumat verib. Bildirib ki, alman dili liseyin bütün siniflərində əsas xarici dillərdən biri kimi tədris olunur. Cari tədris ilindən isə siniflərdə alman dili ikinci xarici dil kimi tədris edilməsinə başlanılıb.

İ.Carçıyeva, həmçinin diqqətə çatdırıb ki, ötən tədris ilindən Məktəb-Lisey Kompleksi DSD məktəblər şəbəkəsinə (Almaniya attestatı almaq imkanı verən xarici məktəblər şəbəkəsi) qoşulub. Kompleksdə metodiki işlərə Almaniyadan cəlb edilmiş mütəxəssis rəhbərlik edir.

Qonaqlar bu təhsil müəssisəsində alman dilinin dərindən öyrədilməsini yüksək qiymətləndiriblər. Onlar şagirdlərə alman dilini mükəmməl öyrənməyi və Almaniyada təhsillərini davam etdirməyi tövsiyə ediblər.

Görüşdə şagirdlərin alman dilində hazırladıqları kompozisiya təqdim olunub.

Sonda qonaqlar şagirdlərə hədiyyələr təqdim ediblər.