YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birinci mərhələdə kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub.

İkinci mərhələdə Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər.
Ali Baş Komandanın şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcəkdir.

Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcəkdir.

Təlimlərə 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket briqadaları cəlb ediləcək.