YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan tarixinin son 14 ili, o cümlədən başa çatmaqda olan 2017-ci il, sözün əsl mənasında, hərtərəfli inkişaf kimi qavranılır

«Ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 14 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır». Bu fikirləri yap.org.az saytına Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, təxminən 14 il ərzində ölkəmiz misli görünməmiş yüksəlişə nail oldu, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqlədi. Onun sözlərinə görə, Azərbaycanın həyatında baş verən dəyişikliklər, onu əks etdirən statistikaya qısa baxış dediklərimizin əyani təcəssümü sayıla bilər. Sözügedən illər ərzində iqtisadiyyat 3,5 dəfədən çox artmış, 1,6 milyondan çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması kimi unikal sosial inkişaf qeydə alınmışdır. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni digər, hətta yüksək dinamika nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi sayılmağa tam layiqdir.

«Azərbaycan tarixinin son 14 ili, o cümlədən başa çatmaqda olan 2017-ci il, sözün əsl mənasında, hərtərəfli inkişaf kimi qavranılır. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır. Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir. İnsan hüquq və azadlıqlarına sayğı, tarixi mədəni rəngarəngliyə və tolerantlığa bağlılıq, dünya birliyinin prioritet saydığı siyasi və mənəvi dəyərlərə sədaqət Azərbaycanı müasir və cazibədar dövlət kimi qəbul etmək üçün bütün əsasları yaratmışdır»-deyə, Əli Əhmədov vurğulayıb.