YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyi qeyd olunub

Dekabrın 26-da Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümünə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert təşkil edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Səfir Dursun Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən, tarixən dost və qardaş olan xalqlarımızın oxşar talelərindən danışıb. Bildirib ki, Azərbaycan və Gürcüstan etibarlı strateji tərəfdaşlardır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev hər zaman Azərbaycanın Gürcüstanla əlaqələrinin bütün sahələr üzrə inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münasibətlərimiz yeni müstəvidə inkişaf edib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə Gürcüstanla əlaqələrə xüsusi yer verilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz bir çox qlobal enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər.

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixail Canelidze çıxışında bildirib ki, ölkələrimiz arasındakı əlaqələr dostluğa, mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Bütün sahələr üzrə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkə regional və qlobal iqtisadi layihələrin iştirakçısıdır.

Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı dəstəyini yüksək qiymətləndirən nazir deyib: “Regionda təhlükəsizliklə bağlı problemlər var, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub. Biz mövcud münaqişələrin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq”.

Mixeil Canelidze Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin regional inkişafımızda və dövlətlərimizin dünyada mövqelərinin möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib. Səfir Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin üç strateji tərəfdaşı birləşdirməklə yanaşı, Avropa və Asiya arasında körpü rolunu oynadığını vurğulayıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin kollektivi gürcü və azərbaycanlı tamaşaçılar qarşısında çıxış edib. Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mahir Məmmədov, Mehparə Cəfərova və başqaları Azərbaycan mahnılarını və beynəlxalq klassik musiqiləri ifa ediblər.

Konsertdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan şirkətlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv