YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Müsəlman ölkələr arasında Azərbaycan ilk ölkədir ki, İslam həmrəyliyini siyasi xətt səviyyəsinə yüksəltmişdir

«Bu gün dünyada baş verən məzhəb savaşları, vətəndaş müharibələri nəticəsində sosial-siyasi gərginlik ən yüksək həddə çatmışdır. Avropa məkanında baş verən dözümsüzlük, ksenofobiya, islamafobiya kimi meyillər radikalizm, ekstremizm kimi qorxulu təzahürlərin meydana gəlməsinə şərait yaratmışdır. Çox təəssüf ki, bu təzahürlərin faciəli nəticələrindən ən çox İslam dünyası və müsəlmanlar əziyyət çəkir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bu gün İslam aləmi öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir və əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı vardır. Onun sözlərinə görə, bu baxımdan Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamla ölkədə “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti vardır.

«Müsəlman ölkələri arasında mənəvi həmrəyliyə  daha çox ehtiyacın yarandığı müasir dövrümüzdə Prezident İlham Əliyevin bu mütərəqqi addımı dövlət başçımızın humanistliyinin göstəricisi olmaqla yanaşı, eyni zamanda ölkəmizin İslam dünyasının birliyinə olan həssas münasibətidir. Bu çağırış İslam coğrafiyasında yaşayan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, həmçinin İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha diqqət mərkəzinə çəkməyə xidmət edir.

Müsəlman ölkələr arasında Azərbaycan ilk ölkədir ki, İslam həmrəyliyini siyasi xətt səviyyəsinə yüksəltmişdir və bütün 2017-ci ili həmin ideyaların təbliği istiqamətində əməli fəaliyyətə həsr etmişdir. Dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasını günümüzdə sıxan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə təkan verəcəkdir. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir»-deyə, M.Qurbanlı vurğulayıb.