YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib

Dekabrın 23-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Son illər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividentlər gətirdiyini bildirən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasətin əsas mahiyyəti ölkəmizin inkişafı ilə bağlı yeni imkanların araşdırılması və möhtəşəm layihələrə çevrilməsindən ibarətdir: «Bu baxımdan, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının yeni mərhələdə davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. 1994-cü ildən neft strategiyasının uğurla reallaşdırılması nəticəsində   Azərbaycan iqtisadiyyatı yeni inkişaf imkanları əldə etdi, xalqımızın rifahının yüksəlməsi istiqamətində mühüm tədbirlər reallaşdırıldı. Eyni zamanda, bu faktorun ən vacib dividentlərindən biri də ondan ibarətdir ki, ölkəmizin beynəlxalq müstəvidə nüfuzu artdı. Bu il “Əsrin müqaviləsi”nin müddəti 2049-cu ilə qədər uzadılmasına dair Saziş imzalandı. Yeni Saziş Azərbaycanın yeni mərhələdə inkişafının təmin olunmasında  əhəmiyyəti rol oynayacaq».

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük imkanların qazanıldığını vurğulayan Əli Əhmədov bunun, eyni zamanda, ölkə həyatının bütün sferalarında daha böyük tərəqqiyə nail olmaq üçün etibarlı mənbə olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Şərq ilə Qərbin, Avropa ilə Asiyanın qovşağında yerləşir və bu coğrafi üstünlükdən dövlətimizin başçısı öz siyasətində böyük məharətlə istifadə edir. Onun sözlərinə görə, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tarixi İpək Yolunun bərpası kimi qlobal bir layihənin həyata keçirilməsindəki rolunu birmənalı şəkildə təsdiq edir. «Beləliklə, bu layihələrin həyata keçirilməsi bir tərəfdən Azərbaycana iqtisadi dividentlər gətirir, digər tərəfdən insanların  rifahının daha da yüksəlməsi üçün etibarlı zəmin yaradır. Başqa bir üstünlük isə ondan ibarətdir ki, bu layihələr Azərbaycanı təkcə regionun deyil, bütövlükdə dünyanın enerji və kommunikasiya mərkəzlərindən birinə çevirir. Bu amillər Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırır»-deyə, Əli Əhmədov vurğulayıb.    

Konfransın əlamətdar gün ərəfəsində təşkil olduğunu bildirən Əli Əhmədov Prezident  İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. "2018-ci ilin oktyabrında ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmə şansı var. Cənab İlham Əliyevin yüksək nüfuzu, reytinqi, Onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklər, ölkəmizin nüfuzunun dünya miqyasında artması - bütün bunlar dövlətimizin başçısının yüksək seçilmə şansını təmin edir. Əminəm ki, 2018-ci ilin prezident seçkilərindən sonra növbəti dekabr konfransını prezidentimizin yeni qələbəsinin təsiri altında sevincli şəkildə keçirəcəyik»-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, düşünülmüş strategiyasız iqtisadi sahədə uğur qazanmaq, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi nailiyyətlər əldə etmək mümkün deyil. Azərbaycanda nəqliyyat sektorunun inkişafı istiqamətində böyük işlərin görüldüyünü qeyd edən Cavid Qurbanov bildirib ki, ölkəmizdə müasir logistik şəbəkə qurulub, respublikamızın geniş tranzit imkanlarından səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir. Milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava yolları, boru kəməri sahələri geniş təhlil edilir, daha səmərəli istifadə yolları müəyyən olunur. Bu baxımdan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında, yerli və xarici mütəxəssislərin birgə əməkdaşlığı sayəsində hazırlanmış bu sənəd istər ölkəmizin potensial imkanlarının aydınlaşdırılması, istərsə də müvafiq qabaqcıl təcrübənin öyrənilməsi və bu təcrübənin tətbiqi yollarının müəyyən edilməsi baxımından xüsusilə diqqəti cəlb edir. Bu məqsədlə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilir.

Cavid Qurbanov deyib ki, Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən işlər ölkənin tranzit imkanlarını daha səmərəli və geniş şəkildə istifadə etməyə imkan verir. Onun sözlərinə görə, hazırda Azərbaycanın milli nəqliyyat sisteminin beynəlxalq sistemə inteqrasiyası üzrə işlər aparılır. QSC sədri vurğulayıb ki, Azərbaycan vacib marşrutların kəsişməsində yerləşir və bu üstünlükdən səmərəli istifadə gərlirlərin artırılması üçün vacib mənbə ola bilər.

“Hazırda özünün inkişaf dövrünü yaşayan və logistikanın inkişafında önəmli yeri olan sahələrdən biri də dəmir yoludur. Son iki ildə bu sahənin inkişafı üçün dövlətimizin başçısının rəhbərliyi altında bir çox işlər görülüb. İlk növbədə, dəmir yolunun müasir standartlara uyğunlaşdırılması üçün yüzlərlə kilometr mövcud dəmir yolları əsaslı təmir edilib, yeni xətlər salınıb, vaqon parkı yenilənib, stansiyalar əsaslı təmir edilib, dəmir yolunun bir sıra sahələrində ən müasir texnologiyalar tətbiq edilməyə başlanılıb. Təkcə Şərq-Qərb istiqamətində 383,1 kilometr dəmir yolunun əsaslı təmir olunduğunu vurğulayan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri bildirib ki, yolun kontakt şəbəkəsi üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, yeni yol dəyişən qurğular alınıb.

Cavid Qurbanov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanı Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirəcək, qədim İpək Yolu üzərində olan ölkəmizin tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi istiqamətində artıq önəmli işlər həyata keçirilib. Azərbaycan ərazisində bütün işlər tamamlanıb, bütün infrastruktur hazırdır. Hazırda Astara (Azərbaycan)–Astara (İran) dəmir yolunun inşasına dair İran ərazisində işlər yekunlaşmaq ərəfəsindədir. Hazırkı mərhələdə yüklər Astara stansiyasından Rəşt stansiyasına qədər avtomobillər vasitəsilə nəql edilir. Növbəti mərhələdə Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq ki, bu işlər də Azərbaycan hökumətinin ayırdığı kredit hesabına həyata keçiriləcək. Bütün işlər yekunlaşandan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək. «“Şimal-Cənub” marşrutu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq”»- deyə, C.Qurbanov qeyd edib.

Natiq vurğulayıb ki, dəmir yolunda vaqon parkının yenilənməsi məqsədilə bir sıra işlər görülüb. 3101 yeni yük vaqonu alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 yeni teplovoz və 4 yeni elektrovoz əsaslı təmir edilib, 3 elektrovoz və 5 teplovoz alınıb, 5 lokomotiv əsaslı təmir olunaraq istismara buraxılıb. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 müasir elektrovozun alınmasına dair müqavilə imzalanıb ki, həmin elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edilib ki, sərnişinlərin daşınmasında keyfiyyəti yüksəltmək üçün xeyli iş görülüb. Belə ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 20 vaqonun alınmasına dair müqavilə imzalanıb. Yaxın zamanlarda həmin vaqonlar Azərbaycana gətiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri bütün dəmiryolçular adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib.

Daha sonra çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyasından ətraflı bəhs edib. Başa çatmaqda olan ilin neft sənayesi ilə bağlı bir sıra əlamətdar hadisələrlə yadda qalacağını qeyd edən Xoşbəxt Yusifzadə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasını böyük tarixi hadisə adlandıraraq deyib: “Bu, doğrudan da çox böyük əhəmiyyət kəs edir. Bildiyimiz kimi, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə iqtisadi vəziyyət o qədər də ürəkaçan deyildi. Bütün sahələrdə olduğu kimi, neft sənayesində də vəziyyət ağır idi, xalqımızın rifah halı gündən-günə pisləşirdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörənliklə hazırladığı neft strategiyasının həyata keçirilməsi ölkəni bu ağır vəziyyətdən çıxardı. Kəşf olunmuş neft yataqlarının xarici şirkətləri cəlb etməklə işlənməsi qərara alındı. Çünki o vaxt bizim “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarını işlətmək üçün iqtisadi, texniki imkanlarımız yox idi. Məhz buna görə “Əsrin müqaviləsi”nin imzalanması neft sənayesinin inkişafı ilə yanaşı, ümumilikdə ölkə iqtisadiyyatının tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu müqavilənin imzalanması, həmçinin ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə təkan verdi”.

Xoşbəxt Yusifzadə qeyd edib ki, bu günədək “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 450 milyon ton neft alınıbsa onun 250 milyon tonu Azərbaycanın mənfəət neftidir və bu da dünya bazarlarına çıxarılıb. Bu mənfəət neftindən gələn gəlirləri də hər birimiz görürük. Bu gəlirlər ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına sərf edilib.

Ulu öndər Heydər Əliyev tərəfindən başladılan və Prezident İlham Əliyevin reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilməsinin Azərbaycan neftinin xarici bazarlara çıxarılması istiqamətində atılan mühüm addımlardan olduğunu qeyd edən SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, dünya bazarlarına çıxarılan 460 milyon ton neftin 350 milyon tonu məhz Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə çıxarılıb.

Azərbaycanda iki milyard ton neft hasil olunmasının təntənəli şəkildə qeyd edildiyini xatırladan Xoşbəxt Yusifzadə bildirib ki, 1971-ci ildə bir milyardıncı ton neftin hasil edilməsi ilə bağlı mərasim keçirilmişdi. O vaxt ulu öndər Heydər Əliyev Moskvada XXIV partiya qurultayında çıxışında dedi ki, balaca bir respublikanın - Azərbaycanın neftçiləri bir milyard ton neft hasil ediblər. Sonra Bakıda mərasim keçirildi. İki milyardıncı ton neftin hasil edilməsi də məhz bu ilə təsadüf etdi. 46 il ərzində hasil edilən bir milyard ton neftin 700 milyonu müstəqillik illərində hasil edilib”.

TAP və TANAP layihəsi üzrə işlərin uğurla davam etdirildiyini deyən Xoşbəxt Yusifzadə bu layihələrin istifadəyə verilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağını qeyd edib.

Qeyd edək ki, konfrans bədii hissə ilə davam edib.