YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrənin paytaxtında Bakı şəhərinin “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi bu ölkənin paytaxtı Bern şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirib.

Bern şəhərinin məşhur “Bellevue“ otelində təşkil olunan mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılıblar.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolundan, xüsusilə son dövrlərdə əldə etdiyi nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlardan, strateji yol xəritələrinin reallaşdırılması vasitəsilə iqtisadiyyatın şaxələndirilməsindən bəhs edib.

Səfir respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlərdən də söz açıb. Bakının ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Avroviziya” musiqi müsabiqəsi və “Formula-1“ yarışmasına ev sahibliyi etdiyini bildirən səfir, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi altında ölkəmizin çoxsaylı humanitar layihə və tədbirlərin də ev sahibinə çevrildiyini diqqətə çatdırıb, əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” ilə Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında dialoqa mühüm töhfə verdiyini xatırladıb.

Ölkəmizin “Ekspo-2025” Ümumdünya Sərgisi üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın dövrümüz üçün çox aktual olduğunu vurğulayan səfir, İsveçrənin özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini söyləyib.

Xanım İbrahimova tədbirə toplaşanların diqqətinə çatdırıb ki, “Ekspo-2025”ə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcək.

Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırıb. Xanım İbrahimova “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.

Səfir tədbirə toplaşanları öz ölkələrini Bakının namizədliyini dəstəkləməyə təşviq etməyə çağırıb.

Xanım İbrahimova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bu ölkədə yaşayan soydaşlarımızı təbrik edib, Azərbaycanın rifahı və inkişafı naminə hamını birlik və həmrəyliyə çağırıb, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında və diaspor fəaliyyətinin gücləndirilməsində uğurlar arzulayıb.

Sonra “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə namizəd olan Bakı şəhəri barədə hazırlanmış videoçarx nümayiş etdirilib.

Daha sonra qonaqlar Azərbaycanın tanınmış pianoçusu Adilə Əliyevanın ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini dinləyiblər.

Tədbir çərçivəsində beynəlxalq və milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib.