YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev fonomeni - müdriklik və qətiyyət örnəyi" mövzusunda anım mərasimi keçirilib

Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin binasındakı büstü önünə gül dəstələri düzüblər.

Anım tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Ulu Öndərin xatirəsi ona məhəbbətlə yanaşan hər kəs tərəfindən müxtəlif tədbirlər vasitəsilə anılır. Müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev olub. Ümummilli Lider zamana qalib gələn şəxsdir. Çünki adətən insanlar həyatını dəyişdikcə tədricən unudulurlar. Amma Ulu Öndər zamana qalib gələrək, əksinə, vaxt ötdükcə insanların yaddaşlarında daha möhkəm qalmağı bacarır. Onun adı gələndə gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Ümummilli Liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə bildirib ki, Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq.

Ümummilli Liderlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə deyib ki, Ulu Öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan Prezidenti ölkəmizin inkişafı ilə bağı mühüm işlər görür.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi. Bu gün Ulu Öndərin məqsədyönlü siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir və müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər görür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb.

Qeyd edilib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Respublikasının memarı, dahi rəhbər Heydər Əliyevin özünəməxsus yeri var.

Anım tədbirində “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi” adlı film nümayiş olunub.