YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya miqyaslı siyasətçi, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayan, müasir dövlətçilik tariximizdə əbədi iz qoyan, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Mərasim iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ulu Öndərin fəaliyyətindən danışaraq bildirib ki, 1993-cü ildə ölkənin çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ulu Öndərin siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.

Qeyd edib ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, səmərəli enerji siyasəti, təhlükəsizlik, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb, onun müsbət beynəlxalq imicinin formalaşmasını təmin edib.

Dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində müstəqillik illərində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qərbə inteqrasiya yolunu tutub və onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir.

“Ulu Öndərə görə enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq, aparıcı rol oynamalı idi. Heydər Əliyev həmin dövrün bütün incəliklərini nəzərə alaraq mükəmməl neft strategiyasını hazırladı. Bu strategiyanı həyata keçirməklə Azərbaycanın regionun liderinə çevrilməsinin təməlini qoydu və dövlətin qlobal siyasətdə rolunu yüksəltdi. Ulu Öndərin balanslaşdırılmış siyasətinin bəhrələrini bu gün bütün Cənubi Qafqaz görür”-deyə səfir R.Mustafayev vurğulayıb.

Diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirib. Azərbaycan bütün sahələrdə böyük və əhəmiyyətli layihələrə imza atıb.

Sonra gənc pianoçu Etibar Əsədli Ulu Öndərin sevdiyi mahnıları ifa edib.

Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı birinci səfiri olmuş Jan Perren səfir olduğu dövrdə Ulu Öndər ilə görüşlərindən, xatirələrindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

“Heydər Əliyev haqqında Azərbaycana səfir təyin olunmazdan əvvəl eşitmişdim. O, təkcə Sovet İttifaqında deyil, onun hüdudlarından kənarda da böyük şəxsiyyət, dövlət xadimi kimi tanınırdı. Azərbaycana səfir təyin olunandan sonra birinci arzum onu görmək idi. Həmin illər vəziyyət çox ağır idi, güclü şaxtalar var idi. İstilik üçün heç nə yox idi. Belə çətin vəziyyətdə Naxçıvana Heydər Əliyevi görməyə getdim və bu bizim ilk görüşümüz idi. Naxçıvanda çox çətin vəziyyətdə, soyuqda işləyirdi. O, elə qətiyyətli şəxsiyyət idi ki, çətinliklərə baxmayaraq, bütün enerjisi ilə ölkəsi üçün çalışırdı.

Heydər Əliyev Bakıya gələndən sonra mən daima onun dəstəyinin şahidi oldum. Görüşüb danışırdıq, çətinliklərimdən danışanda mənə kömək etməyə çalışırdı.

Heydər Əliyev Fransa ilə münasibətlərə böyük önəm verirdi. Fransaya səfərləri zamanı Parisdə də görüşürdük. Heydər Əliyev böyük diplomat, siyasətçi və dövlət xadimi idi”-deyə Jan Perren vurğulayıb.