YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Vyanada finlandiyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiyanın xarici işlər naziri Timo Soini ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinninq layihələrinin əhəmiyyətinə toxunaraq Azərbaycan üçün maraq kəsb edən layihələrə dair fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib. Münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib.

Elmar Məmmədyarov, həmçinin paytaxt Bakının “EXPO-2025”in keçirilməsinə namizəd şəhər olduğunu qeyd edərək son illər ərzində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bu xüsusda o tədbirə ev sahibliyi etmək niyyəti ilə ölkəmizin insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verib.

Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.