YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: ÇKP-nin XIX qurultayı Çinin nailiyyətlərini, dünyada çox sürətlə yüksələn siyasi və iqtisadi mövqeyini əks etdirdi

Bunu “Sinxua” Agentliyinin müxbirinə eksklüziv müsahibəsində Yeni Azərbaycan Partiyası icra katibinin müavini bildirib

Çinin “Sinxua” İnformasiya Agentliyi öz saytında Azərbaycan Milli Məclisinin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun Çin Kommunist Partiyasının (ÇKP) XIX qurultayına həsr olunmuş eksklüziv müsahibəsini yerləşdirib.

“Sinxua”nın müxbiri ilə söhbətində S.Novruzov qeyd edib ki, Çin Kommunist Partiyasının oktyabr ayında keçirilmiş XIX qurultayı tarixə ölkənin və dünyanın siyasi həyatında mühüm hadisə kimi daxil oldu. “Qurultay ÇKP-nin XVIII qurultayından ötən beş il ərzində Çinin nailiyyətlərini, dünyada çox sürətlə yüksələn siyasi və iqtisadi mövqeyini əks etdirdi. Həmçinin qarşıdakı onilliklər üçün strateji inkişaf yollarını müəyyənləşdirdi”, - deyə komitə sədri vurğulayıb.

Deputatın fikrincə, XIX sessiya Çinin daxili və xarici siyasət sahəsində mühüm qərarların qəbul edilməsi, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpinin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katibi, həmçinin MK-ya üzvlərin seçkiləri ilə təqdirəlayiqdir. O diqqətə çatdırıb ki, Si Cinpinin qurultaydakı məruzəsində Çinin daxili və xarici siyasət xəttinin müxtəlif aspektlərinə aydınlıq gətirilməsi ilə yanaşı, ölkənin inkişafında yeni mərhələnin başlanması da bəyan olunub.

S.Novruzov deyib: “Si Cinpinin Çinə rəhbərliyi dövründə, yəni 2012-ci ildən bu günədək iqtisadiyyat, siyasət, mədəniyyət, sosial və ekologiya sahələrində, cəmiyyətin rifah halının bütün parametrlər üzrə orta səviyyədə formalaşdırılmasında, islahatların dərinləşdirilməsində, hüquqi dövlət quruculuğunda və partiya idarəçiliyinin gücləndirilməsində uğurlar əldə edilib. Çinin daxili və xarici siyasəti hər bir çinli üçün layiqli həyat şəraitinin təmin olunmasına, həmçinin dünya birliyi ilə ahəngdar münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlib”.

O, həmçinin vurğulayıb ki, ÇXR-in daxili və xarici siyasətində ən başlıca prinsiplərdən biri ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasına əsaslanan vahid Çin prinsipidir.

S.Novruzov qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsünün (“İpək Yolunun iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək Yolu”) reallaşdırılmasının davam etdirilməsi Çinin dünya iqtisadiyyatında hərəkətverici qüvvə rolunu daha da möhkəmləndirəcək. Onun fikrincə, dünya iqtisadiyyatını ÇXR-siz təsəvvür etmək qeyri-mümkündür. “Daxili ticarət həcminin genişlənməsi, ticarət və investisiya sahəsində liberallaşdırma nəinki Çinin, onunla əməkdaşlıq edən ölkələrin də maraqlarına cavab verir”, - deyə deputat bildirib.

Çinin daxili siyasət kursuna ayrıca toxunan S.Novruzov xüsusilə qeyd edib ki, beynəlxalq münasibətlərdə bu ölkəni təcavüzdən çəkinmək, daxili işlərə qarışmamaq meyilləri fərqləndirir.