YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asiflə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-da Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli görüşü çərçivəsində pakistanlı həmkarı Xavaca Məhəmməd Asiflə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə 2017-ci ilin Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanıb, ölkələrimiz arasında təşəkkül tapmış ənənəvi mehriban dostluq münasibətlərinin və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin dərinləşdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə qonağı məlumatlandıran E.Məmmədyarov 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 saylı qətnamə qəbul edildiyini xatırladıb. O, Pakistan Hökumətinə Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu ədalətli mövqeyə və münaqişənin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda birmənalı şəkildə dəstəklədiyinə görə təşəkkür edib.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar. Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu nəzərə alınaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının və investisiyaların təşviqinə yönəlmiş birgə səylərin gücləndirilməsinin zəruriliyi qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin daha da inkişafında Azərbaycan-Pakistan Birgə Komissiyasının və Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib.

Həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin maraqlı və yeni imkanlar vəd etdiyi bildirilib və bu xüsusda iki ölkənin nəqliyyat sahəsi üzrə mütəxəssislərinin görüşünün mümkünlüyü müzakirə edilib. Tərəflər Azərbaycan və Pakistan arasında hava uçuşlarının bərpası məsələsinin vacibliyinə də toxunublar.

Elmar Məmmədyarov Azərbaycanın EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyini irəli sürdüyü barədə həmkarına məlumat verib. Həmçinin nazirlər ilk iclası keçirilən Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli görüşünün ümumi maraq doğuran məsələlərin müzakirəsi və qarşılıqlı faydalı layihələrin işlənib hazırlanması baxımından əhəmiyyətli platforma olacağına ümidvar olduqlarını bildiriblər. İkitərəfli formatda dövlətlər arasında parlamentlər səviyyəsində mövcud pozitiv əməkdaşlıq ruhunun üçtərəfli səviyyədə də davam etdiriləcəyi və bunun dostluq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı “Asiyanın Qəlbi” - İstanbul Prosesinin və Proses çərçivəsində VII Nazirlər Konfransının əhəmiyyəti qeyd olunub.