YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub

Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasimi olub.

Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov və şəhərin ictimai fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

Baş həkim qeyd edib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılması xəstəxananın kollektivinin çoxdankı arzusu olub.

“Zərifə Əliyeva insanlara nur bəxş edən alim olub”, - deyən baş həkim belə bir mərkəzin açılması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə, deputat Fəxrəddin Muxtarova, xeyriyyəçi Könül İbrahimovaya təşəkkürünü bildirib.

Azərbaycan və Ukrayna arasında münasibətlərin dərinləşdiyini vurğulayan səfir A.Xudiyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə xarici ölkələrdə çox uğurlu sosial layihələr həyata keçirilir. Bu gün açılışında iştirak etdiyimiz Oftalmoloji Mərkəzin yaradılması da bu cür sosial layihələrin tərkib hissəsidir.

Səfir deyib ki, Ukraynanın İrpen şəhərindən sonra ikinci böyük şəhəri olan Lvovda Zərifə Əliyevanın adının əbədiləşdirilməsi böyük hadisədir.

“Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü humanist siyasətin nəticəsidir”, - deyə A.Xudiyev əlavə edib.

“Bu Oftalmoloji Mərkəz minlərlə insana işıq, həyat bəxş edəcək”, - deyən Lvov şəhər səhiyyə şöbəsinin müdir müavini Natali Litvinskaya çıxışında bu nəcib işdə göstərdikləri dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Lvov vilayətində qeydə alınan xəstəliyin 10 faizi göz xəstəliklərinin payına düşür. Bu baxımdan müasir tibbi avadanlıqla təchiz olunmuş Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz lvovlular üçün böyük əhəmiyyətə malikdir.

Mərkəzdə gözdən əlil uşaqların, veteranların müayinəsi pulsuz aparılacaq.