YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan ötən 25 ildə əldə etdiyi nailiyyətlərə söykənərək inamla irəliyə gedir

«25 il tarix üçün çox qısa müddətdir. Amma Azərbaycanda müstəqilliyin bərpasından keçən dövr kimi xarakterizə etsək 25 il həm də böyük bir müddətdir. Görülən işlərin miqyası baxımından bu illərdə böyük nailiyyətlər əldə olunub. Hesab edirəm ki, müstəqilliyimizin  tam bərpası, dövlət atributlarının yaradılması, Azərbaycanın bölgədə və dünyada mövqeyinin möhkəmlənməsi, müstəqilliyin dönməz və əbədi olmasını təmin etmək istiqamətində atılan addımlar məhz Yeni Azərbaycan Partiyasının  iqtidarda olduğu dövrə təsadüf edir. Bu da Ümummilli lider Heydər Əliyevin partiyamızı yaratmasından qısa müddət sonra hakimiyyətə qayıdışı, Onunla birlikdə partiyamızın yeni Azərbaycan quruculuğuna cəlb olunması ilə bağlıdır». Bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Yen Azərbaycan Partiyasının ötən 25 ildə keçdiyi inkişaf yoluna münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, bu illər hər bir partiya üzvü, hər bir Azərbaycan vətəndaşı üçün tarixi illərdir. Ötən 25 ilin  hər günü, hər anı, hər dəqiqəsi xalqa , Vətənə xidmətdə keçib və bu xidmətin nəticələri də bu gün hiss olunmaqdadır.

«Biz vaxtilə Ulu öndər Heydər Əliyevin ideya olaraq irəli sürdüyü müstəqil, zəngin Azərbaycan quruculuğunun nəticələrini görməkdəyik. Ölkəmiz durmadan inkişaf edir, bölgədə və dünyada nüfuzu daha da artır. Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin vacib aktorlarından biridir. Ölkəmiz region və dünya üçün yeritdiyi siyasətlə, bir sıra nəhəng  enerji və digər layihələri ilə töhfələr verir. Azərbaycan kimi dövlətlərin beynəlxalq hüququn vacib subyektləri olması, belə bir ölkələrin sayının çox olması dünyadakı mövcud kataklizmlərin və anarxiyaya, ziddiyyətlərə  aparan proseslərin qarşısını ala bilərdi. Çox təəssüf ki, bu gün belə dövlətlərin sayı azdır. Bununla belə, Azərbaycan ötən 25 ildə əldə etdiyi nailiyyətlərə söykənərək inamla irəliyə gedir. Həm Ulu öndər Heydər Əliyevin, həm də Onun rəhbərliyi ilə yaradılan YAP-ın qarşımıza qoyduğu vəzifələri yerinə yetirməklə daha yüksək hədəflərə doğru irəliləməkdədir. Bu 25 ilin hər günü xalqımıza  xidmətdə keçib və mən bu illərin  hər günü ilə qürur duyuram»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.