YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Pensiya sistemi dəyişərək yeni qaydalar əsasında müəyyənləşəcək

Dövlət büdcəsinin tərtib edilməsi prosesi fevralda başlayıb. Təqribən 7-8 ay ərzində Maliyyə Nazirliyi ilə birlikdə böyük həcmli bir işi yerinə yetirmişik. Bunun çox mühüm bir hissəsi də sosial təminat məsələləridir.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Bəzilərə elə görünə bilər ki, sosial müdafiə və sosial təminat bölməsindəki xərclər keçən illə müqayisədə müəyyən qədər azalıb. Lakin əslində bu, heç də belə deyil, çünki 2017-ci ilin büdcəsində əvvəlki illərdə əhalinin təbii qazdan istifadəsində aşağı qiymətlərin tətbiqi nəticəsində əmələ gəlmiş fərqin ödənməsi üçün 250 milyon manat vəsait ayrılmışdı. Gələn il üçün nəzərdə tutulan büdcə layihəsində isə bu, yoxdur. Ona görə ayrı-ayrı sahələr üzrə xərclərə fikir verəndə hər bir istiqamət üzrə artımı görmək mümkündür. Bu, onu göstərir ki, ümumilikdə sosial müdafiənin və sosial təminatın bütün sahələrində tam balanslaşdırılmış nəzərdə tutulan proqramları reallaşdırmağa imkan verən qədər xərclər nəzərə alınıb”, - deyə nazir vurğulayıb.

Səlim Müslümov qeyd edib ki, ümumilikdə sosial müdafiə və sosial təminat hissəsinə, sosial xərclər bölməsində 2,2 milyard manata yaxın vəsait nəzərdə tutulur və bu vəsaitin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən veriləcək vəsait şəklində olacaq. İlk dəfə olaraq burada görmək olar ki, “dövlət büdcəsindən transfer” deyilən bir anlayış yoxdur. Əvəzində qeyd olunub ki, Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərindən buna yönəldilən vəsait – bu, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır. İyunun 1-dən qüvvəyə minmiş həmin dəyişikliklərə görə artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi müəyyənləşib. Pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular və digər həmin kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib. “Əmək pensiyaları haqqında” Qanunun 6-cı maddəsində bu, dəqiq şəkildə öz əksini tapıb. Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 330 min nəfərə yaxın pensiyaçının hər birinin pensiya işini araşdırırıq və bunun üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə komissiya yaradılacaq. Nəzərdə tutulur ki, altı ay ərzində təqribən 1 milyon 330 min pensiyaçının hər birini araşdıraq və hər bir pensiya işində 1992-ci ilə qədər olan neçə il staj varsa onu müəyyənləşdirək. Məlum olduğu kimi, hər bir il staj üçün 4 manat 10 qəpik pensiya verilir. Ona görə də araşdırılandan sonra məlum olacaq ki, tam məbləğ nə qədərdir. Yeni yaradılacaq komissiya bu işi görəcək və tam məbləği ortaya çıxaracaq. Biz nazirlik olaraq bunun tam məbləğini hazırlamışıq. Amma ümumilikdə bu, dövlət büdcəsinin öhdəliyində olduğuna görə belə qərara gəldik ki, bir komissiya yaradılsın, komissiya həmin məsələ ilə məşğul olsun. Elə düşünürük ki, altı ay ərzində bunu həll etmək mümkündür.

 

 

DİGƏR Xəbərlər Arxiv