YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov İsveçərinin Baş nazirinin müavini Mats Andersson ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçə rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Mats Andersson ilə görüşüb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qarşılıqlı anlaşmaya əsaslanan mövcud siyasi dialoq ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

Ölkəmizdə iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritəsi, xüsusilə qeyri-neft sektorunun inkişafı və ixracın şəxələndirilməsi üzrə aparılan tədbirlər və köklü islahatlar barədə danışan Elmar Məmmədyarov elm-təhsil, informasiya və kommunikasiya texnologiyaları, turizm, emal sənayesi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Bu xüsusda, Azərbaycan və İsveçin iş adamları arasında işgüzar əlaqələrin qurulması və birgə biznes-forumların keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Elmar Məmmədyarov oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə məlumat verərək Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qitələrarası əlaqələrin gücləndirilməsi, sülh, sabitlik və iqtisadi çiçəklənmə baxımından yeni imkanlar vəd etdiyini bildirib.

Görüşdə Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğu bəyan edilən status-kvonun dəyişdirilməsi üçün işğala son qoyulmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin Ermənistan tərəfindən öz doğma yurdlarından qovularaq zorla etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu deyib. O, Ermənistanın qəbul və yerinə yetirməkdən imtina etdiyi Avropa Şurası İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair qərarını Baş nazirin müavininin diqqətinə çatdırıb.

Görüşdə, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinə nəzər salınıb, Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi qeyd olunub.