YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TRT HABER: Bakı-Tbilisi-Qars dəmir yolu qlobal məkanda yük daşınmalarının həcminin artmasını təmin edəcək

Türkiyənin nüfuzlu TRT HABER kanalı Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı maraqlı reportajlarını davam etdirməkdədir.

Oktyabrın 3-də bu kanalda mövzu ilə bağlı bir neçə fərqli reportaj yayımlanıb. Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə yola çıxan 82 konteynerdən ibarət yük qatarının Qars şəhərinə çatması ilə bağlı yayılan reportajda diqqətə çatdırılıb ki, sınaq qatarı mənzil başına qrafika uyğun çatacaqdır. Bu amil elə ilk gündən yeni dəmir yolu şəbəkəsini Avrasiya məkanındakı iqtisadi sfera üçün cəlbedici edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı Bakıda keçirilən açılış mərasimi ilə bağlı tamaşaçıların bir daha məlumatlandırıldığı reportajlarda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlqoyma mərasimindən, tikinti proseslərindən, eləcə də açılış mərasimindən və sınaq qatarının hərəkət trayektoriyasından olan kadrlar əks olunub.

Bundan başqa, oktyabrın 3-də kanalın axşam xəbərləri buraxılışında tanınmış ekspertlərin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun texniki imkanları təhlil olunub. Mütəxəssislər əsaslandırıblar ki, bu dəmir yolu şəbəkəsi Avrasiyada ən sürətli polad magistral kimi şöhrət tapacaq. Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu qısa zaman kəsiyində qlobal məkanda yük daşınmalarının həcminin artmasını təmin edəcək.