YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın nüfuzlu radiosunda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olunub

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı münasibətilə ABŞ-ın nüfuzlu və geniş auditoriyaya malik “Con Batçelor Şou” radio verilişi canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə alıb.

Müsahibə zamanı aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdıraraq, təxminən 850 km uzunluğu olan bu yolun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun inkişafına töhfə verəcəyini diqqətə çatdırıb, bu üç ölkənin birgə necə uğurlu əməkdaşlıq etməsi ilə bağlı səfirə sual ünvanlanıb.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini, hər üç ölkənin və xalqın maraqlarına və rifahına xidmət etdiyini vurğulayıb. Tarixi İpək Yolunun yenidən canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirlərinin, Türkmənistanın, Tacikistanın və digər ölkələrin rəsmilərinin iştirak etdiyi, bu faktın özünün layihənin region üçün əhəmiyyətinin göstəricisi olduğu bildirilib. Səfir deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bir çoxları Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdı və onun reallaşmasını qeyri-mümkün hesab edirdilər. Bu layihə üç ölkə arasındakı dostluğun və qardaşlığın nəticəsidir”.

Daha sonra aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib. İlkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıma potensialına malik yolun Avropa ilə Asiya bazarlarını bir-birinə bağladığını deyən aparıcı üç ölkə arasında bu sahədə əməkdaşlıqla bağlı səfirin fikirlərini soruşub.

E.Süleymanov Azərbaycan, Gürcüstan və Türkiyənin əvvəlki dövrlərdə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm əhəmiyyətə malik birgə layihələr həyata keçirdiklərini, hazırda isə Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin inşası üzərində işlədiklərini vurğulayıb. O, Bakı-Tbilisi-Qars dəmir yolunun qeyri-enerji sektorunda ilk belə irimiqyaslı layihə olduğunu söyləyib. Səfir ABŞ ilə Avropa İttifaqının (Aİ) da bu dəmir yolunu dəstəklədiyini və rəsmi açılış münasibətilə bəyanat verdiklərini vurğulayıb. Qeyd edilib ki, Aİ yaydığı bəyanatda həmin dəmir yolunun Şərq Tərəfdaşlığı, eləcə də Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun gəldiyini bildirib.

Sonda aparıcı Bakı-Tbilisi-Qars dəmir yoluna ABŞ tərəfindən göstərilən dəstəyə, habelə bu layihənin region ölkələri ilə bu sahədə əməkdaşlığa marağının artmasına toxunaraq, bu xüsusda ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində həm Azərbaycanda, həm də Gürcüstanda gömrük və sərhəd keçid məsələlərinə həsr olunmuş təlimlərin təşkil edildiyini bildirib.

Aparıcının Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinə dair sualını cavablandıran səfir əlverişli coğrafi mövqeyə malik ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olduğunu, Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsində yerləşdiyini, eləcə də mühüm enerji layihələrinin təşəbbüskarı və müəllifi kimi çıxış etdiyini bildirib. O deyib: “Azərbaycan NATO-nun Şimal Təchizat Şəbəkəsi çərçivəsində ABŞ ilə yaxından əməkdaşlıq edir. Bununla yanaşı, ölkəmiz ABŞ ilə əlaqələrə böyük diqqət yetirir və bu münasibətlərin inkişafı hər iki tərəf üçün faydalıdır”.