YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zəngilan rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Zəngilan  rayon təşkilatının IX konfransı keçirilib.

Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdəki Mədəniyyət evində keçirilən konfransı YAP Zəngilan rayon  təşkilatının sədri Əsəd Hüseynov açıq elan edərək geniş hesabat məruzəsi ilə çıxış edib. Ə.Hüseynov bildirib ki, hesabat dövründə YAP Zəngilan rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramı müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib. Hazırda rayonda 52 ərazi ilk partiya təşkilatı, 2035 nəfər üzvü vardır. Ötən kanfransdan bu günə kimi YAP rayon təşkilatına 550 nəfər üzv olub ki, bunların da 330 nəfərini qadınlar, 220 nəfərini isə gənclər təşkil edir.

Sonra nəzarət-təftiş qrupunun sədri Hidayət Həsənov qrupun fəaliyyəti barədə məlumat verib.

Konfransda rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, YAP Zəngilan rayon təşkilatının sədr müavini Həsən Ələkbərov, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Orucova, təşkilatın Gənclər Birliyinin sədri Şənlik Əliyev və başqaları məruzə ətrafında çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə konfrans iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş söhbət açıb. V.Rəhimzadə YAP-ın 25 ildə keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub və hər bir vətəndaşın yaşayış səviyyəsində  ciddi irəliləyişlər baş verib. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşir.

V.Rəhimzadə vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. İ.İsmayılov vurğulayıb ki, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.

Çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd edib ki, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.

Sonra konfransda təşkilati məsələyə baxılıb. 30 nəfərdən ibarət Şura, 18 nəfərdən ibərət İdarə Heyəti və Nəzarət-təftiş qrupunun üzvləri seçilib. Nizami Mövsümov YAP Zəngilan rayon təşkilatının sədri seçilib.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının yeni sədri Nizami Mövsümov ona göstərilən bu etimadı doğruldacağını bildirib.

Sonda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.