YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edib

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışdı.

D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Pakistanın Baş naziri dedi ki, qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdiriblər.

Baş nazir Şahid Xaqan Abbasi D-8 təşkilatına sədrliyin Pakistandan Türkiyəyə keçdiyini elan etdi.

Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd etdi. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyə Prezidenti təəssüflə bildirdi ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini bildirən Türkiyə Prezidenti dedi ki, D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir. Prezident Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd etdi. Türkiyə Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev D-8 IX Zirvə görüşündəki çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi.

2015-ci ilin noyabr ayında “Böyük iyirmilər”in Zirvə görüşü Türkiyənin Antalya şəhərində keçirilib. Türkiyə bu görüşə qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Prezident Rəcəb Tayyib Ərdoğan bu tədbirə Azərbaycanı dəvət etmişdir. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir.

Prezident İlham Əliyev görüş iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istədiyini vurğulayaraq qeyd etdi: “Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.”

Dövlət başçımız qeyd etdi ki, ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir.

“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.”-deyə, Prezident İlham Əliyev bildirdi.

Azərbaycanın İslam həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini qeyd edən Prezident İlham Əliyev: “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.”-deyə, bildirdi.

Dövlət başçımız qeyd etdi ki, iki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib: “Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub.

Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir.

Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır. Diqqətinizə görə minnətdaram.”

Zirvə görüşündə D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənildi, gündəlikdə duran məsələlər müzakirə olundu.

IX Zirvə görüşünə yekun vuran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirdi. Türkiyə Prezidenti təşkilatın güclənməsi və böyüməsi üçün bir sıra islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı, qurumun inkişafında fəallığına və Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Katibliyə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə minnətdarlığını çatdırdı.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalandı.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib.

Doqquzuncu Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri oktyabrın 20-də başa çatıb.