YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Avropada dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq üçün beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr səylərini birləşdirməlidir

"Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amil və ölçü kimi qəbul etmək olar". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün açılış mərasimində bildirib.

DQİDK sədri deyib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Prezident İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi, ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcəkdir".

Onun sözlərinə görə, bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və bu sahədə çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikultiralizm Mərkəzi burada yerləşir".

M.Qurbanlı qeyd edib ki, mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşünün ölkəmizdə keçirilməsi Azərbaycan Respublikası üçün əhəmiyyətli hadisədir. Bu vacib tədbir ölkəmizin sədrlik vəzifəsini üzərinə götürməsi zamanı müəyyənləşdirdiyi əsas prioritetlərin tərkib hissəsidir: "Bu prioritetlər isə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək və ədaləti qorumaqdır. Mübadilə görüşünə ev sahibliyi etməklə biz tolerantlığın, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində bütün səylərimizi birləşdirmək məqsədimizi və bu yöndə bütün tərəflərlə əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".