YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dəniz kuboku-2017” müsabiqəsinin şəffaf və yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb

Bakıda keçiriləcək “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb.

Bu sözləri avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin başlanması ilə bağlı təşkil olunan mətbuat konfransında yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib.

Ş.Məmmədov bildirib ki, avqustun 1-dən 11-dək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2017" yarışları çərçivəsində Bakıda “Dəniz kuboku-2017” müsabiqəsi təşkil olunacaq. Müsabiqə üç mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə keçiriləcək. Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim-məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir. Artıq yarışda iştirak edəcək komandaların məşqləri olub.

Qeyd edilib ki, müsabiqənin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır. “Dəniz kuboku-2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124”, “G-122” gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasından “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan”, “Cövşən” raket gəmiləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan”, “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək. İştirakçılar üç mərhələdə altı epizoddan ibarət yarışlarda güclərini sınayacaqlar.

Diqqətə çatdırılıb ki, “Dəniz kuboku-2017” beynəlxalq yarışının təntənəli açılış və bağlanış mərasimləri müvafiq olaraq avqustun 1-də və 11-də keçiriləcək.

Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Ekimov, Qazaxıstannümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Ermek Bayqabulov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Seydi Mahmud Amuzeş yarışlara hazırlığın yüksək səviyyədə olduğunu bildiriblər.

Mətbuat konfransında müsabiqənin təşkili və keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlər, həmçinin müsabiqənin mərhələ və epizodları, o cümlədən onların keçiriləcəyi yerlər haqqında bir daha ətraflı məlumat verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.