YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Münaqişənin həllinə vasitəçilik edən ABŞ və Fransanın belə ədalətsiz münasibəti qəbuledilməzdir

"ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamaları bir daha ikili standartların bariz nümaunəsidir". Bu fikirləri www.yap.org.az saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin sədri, Milli Məclisin üzvü Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, bu, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır öz həllini tapmamasının səbəblərini də ortaya qoyur.

Millət vəkili deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır və tam ədalətli olaraq, müxtəlif vaxtlarda münaqişənin həllinə vasitəçlik formatının dəyişdirilməsi ilə bağlı çağırışlar, təkliflər gündəmə gəlir: "Ermənistan işğalçı, Azərbaycan işğala məruz qalan dövlətdir. Dünyanın bütün nüfuzlu təşkilatları, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT, NATO və digərləri öz qətnamələrində Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edib. Amma həmsədrlər işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik qoyur, hətta bir sıra hallarda işğalçının dəstəklənməsi halları da müşahidə olunur. Elə sonuncu bəyanat da bu reallığı təsdiq edir. Azərbaycan ictimaiyyəti sual edir: nəyə görə, Fransa və ABŞ Azərbaycan ərazisində müəyyən təxribatlar törətmək məqsədilə sərhədlərimizi pozan bir erməni terrorçunun, diversiya qrupunun üzvünün ölməsindən bu qədər narahat olurlar? Bu narahatçılığın səbəbi nədir? Yenə xalqımız bilmək istəyir ki, ABŞ-ı və Fransanı Kəlbəcərdə öz dədə baba torpaqlarında işğalçı erməni silahlı birləşmələri tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyi niyə narahat etmir? Nə üçün ABŞ və Fransa öz torpaqlarında erməni hərbçiləri tərəfindən öldürülən Cəbrayıl sakini Həsən Həsənovun meyidinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistan hakimiyyətini tənqid edən belə bəyanatlar vermirlər?". S.Qafarova deyib ki, münaqişənin həllinə vasitəçilik edən həmsədr dövlətlərin belə ədalətsiz münasibəti qəbuledilməzdir. Millət vəkilinin sözlərinə görə, bu kimi ucuz siyasi manevrlərlə Azərbaycana təzyiq göstərmək, onu öz müstəqil siyasi kursundan döndərmək mümkün deyil.