YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamentində "Əli və Nino" filmi nümayiş olunub

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları (The Associates of the American Foreign Service Worldwide) Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal Auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

Ölkəmizin ABŞ-dakı səfirliyindən bildiriblər ki, tədbirdə Dövlət Departamentinin çoxsaylı əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak ediblər.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkildiyini və iki gənc arasında yaşanan sevgi hekayəsindən, eləcə də, Birinci Dünya Müharibəsi dövründə Azərbaycanda, eləcə də, ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının Prezidenti Coanna Asanasopoulos Oven çıxış edərək filmin ABŞ Dövlət Departamentində nümayiş olunması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın bu ölkədəki səfirliyinə minnətdarlığını bildirib. O, Oskar mükafatçısı Asif Kapadianın rejisoru olduğu “Əli və Nino” filminin çəkilişində məşhur beynəlxalq kino ulduzlarının, eləcə də, Mandi Patinkin, Adam Bakri, Maria Valverde və Halit Ergencin yer aldığını diqqətə çatdırıb.

Səfir Elin Süleymanov çıxış edərək “Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş etdirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, “Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı və gürcü gənclərin birgə və azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini və bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb. E.Süleymanov filmdə də göstərildiyi kimi dövlət müstəqilliyin həm Azərbaycan, həm də Gürcüstan xalqları üçün qürur mənbəyi olduğunu bildirərək ABŞ tərəfinin bu amilə xüsusi diqqət yetirməsini tövsiyyə edib. O, adı çəkilən roman əsasında çəkilmiş “Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. E.Suleymanov, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyevaya, eləcə də, yaradıcı heyətə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Əli və Nino” filmi ABŞ Dövlət Departamentində ilk dəfədir ki, nümayiş etdirilir.