YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 20-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin dəvəti ilə Moskvaya səfər edib.

Səfər çərçivəsində geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və səfir Polad Bülbüloğlu iştirak ediblər.

Rusiya tərəfdən isə kənd təsərrüfatı nazirinin birinci müavini İqor Manılov, iqtisadi inkişaf nazirinin müavini Nikolay Podquzov, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətin rəhbəri Anna Popova, Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti rəhbərinin müavini Aleksey Saurin, Xarici İşlər Nazirliyinin dördüncü MDB ölkələri departamentinin rəisi Aleksey Pavlovski və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin onun dəvətini qəbul edərək Moskvaya səfər etdiyinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, bu görüşün cari il avqust ayının əvvəlində Azərbaycan və Rusiya prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə edilən razılığın davamı olaraq baş tutduğunu diqqətə çatdırıb. Dmitri Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov dəvətə görə təşəkkürünü bildirib və bu səfərin iki ölkə prezidentlərinin tapşırığına əsasən keçirildiyini söyləyib. Yaqub Eyyubov səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Dmitri Roqozin Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının cari il sentyabr ayının ortalarında Bakıda keçirilməsini təklif edib.

Görüşdə, həmçinin Rusiya kənd təsərrüfatı nazirinin birinci müavini İqor Manılov və iqtisadi inkişaf nazirinin müavini Nikolay Podquzov çıxış ediblər.

Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu deyən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizin Rusiyanın regionları ilə əlaqələrini qeyd edib. O, Azərbaycanın bütün standartlara cavab verən müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin olduğunu söyləyib. Şahin Mustafayev cari ilin altı ayında Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.