YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib

İyunun 22-də Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib.

Tədbir iştirakçıları öncə Ağstafa şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransda YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov hesabat məruzəsi ilə çıxış edib. YAP-ın keçdiyi zəngin inkişaf yolundan danışan Ramiz Tatarov qeyd edib ki, YAP Ağstafa rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirib. Bildirilib ki, YAP Ağstafa rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək. Ramiz Tatarov vurğulayıb ki, YAP Ağstafa rayon təşkilatı partiyanın V qurultayında qəbul edilmiş qərarların, eləcə də İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib.

Ramiz Tatarov nəzərə çatdırıb ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seçkilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə  və dəyişikliklərlə bağlı keçirilən referendumda  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Hesabat məruzəsindən sonra nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə zəngin şərəfli yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Həyat çoxdan sübuta yetirib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.

Qeyd edilib ki, YAP tarixi zərurətdən yaranıb. YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirdi. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəldi.

Konfransda iştirak edən Milli Məclisin deputatı Naqif Həmzəyev isə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. YAP ötən dövrdə çətin və şərəfli yol keçib. YAP-ın təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs edib.

Konfransda sədrin məruzəsi ətrafında çıxışlar olub. Vurğulanıb ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olub. Bu partiya sağlam düşüncəli, sağlam fikirli insanları birləşdirmək və Azərbaycanın o mürəkkəb dövründə ölkənin problemlərinin həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası isə bu inkişafın önündə lokomotiv kimi çıxış edir, xalqa sədaqətlə xidmət edir.

Sonda təşkilati məsələlər müzakirə edilib, Ramiz Tatarov  yenidən YAP Ağstafa rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası və İdarə Heyəti seçilib.