YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri ilə bağlı beynəlxalq konfrans keçirilir

İyunun 5-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: gələcəyə baxış” mövzusunda konfrans işə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov konfransda çıxış edərək Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misal olduğunu bildirib. Prezidentin köməkçisi qeyd edib ki, bu üçtərəfli əlaqələrin böyük perspektivləri var.

Novruz Məmmədov bildirib ki, Azərbaycan, Rusiya və İran arasında iki il əvvəl yaradılmış Şimal-Cənub dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli, iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini qoruyub saxlayır. Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur, əksinə, regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil.

Prezidentin köməkçisi qeyd edib ki, Cənubi Qafqazın əhəmiyyətli region olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bir sıra ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Amma nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür.

Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi sədrinin, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktorunun, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun rəhbərinin, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçisinin, Azərbaycandan, Türkiyədən və Gürcüstandan nüfuzlu ekspertlərin iştirak etdikləri tədbirdə üç strateji müttəfiq arasındakı əməkdaşlığın inkişafı, həmçinin üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları, əlaqələrin təhlükəsizlik istiqaməti və qeyri-ənənəvi təhdidlərə qarşı mübarizə vasitələri mövzuları ətrafında müzakirələr aparılır.