YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər

"Azərbaycan lV İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə və yeni standartlar tətbiq edərək keçirməklə növbəti dəfə öz gücünü, təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Azərbaycan bununla həm öznünü müasir tarixinə, həm də İslam Həmrəyliyi Oyunlarının tarixinə növbəti parlaq səhifəni yazdı". Bunu Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, iki il ərzində həm Avropa oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bir daha Azərbaycanın dünya miqyasında böyük hörmətə, həmçinin müsəlman aləmində böyük rəğbətə malik ölkə olduğunu təsdiq edir: "Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur. Bu gün hər birimiz böyük fəxrlə Azərbaycanda multikulturalizmin, tolerantlığın həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgəyaşayışına imkan verdiyini deyirik. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. İslam Həmrəyliyi Oyunlarının belə yüksək səviyyədə təşkili də Azərbaycanın tolerantlıq, multikulturalizm, dinlər arasında sülhün möhkəmlənməsinə necə böyük dəstək verdiyini ortaya qoyur. Bu, həmçinin, İslam aləminə bir mesaj ünvanladı ki, əgər birlik olması, müsəlman cəmiyyətləri arasında həmrəylik olmasa bu gün müşahidə etdiyimiz  problemlərimizi aradan qaldıra biləcəyik. Azərbaycanın müsəlman aləmində siyasəti də məhz ondan ibarətdir ki, ölkələrimiz, xalqlarımız arasında həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi problemlərə son qoyulsun".

Sahibə Qafarova həmçinin deyib ki, Azərbaycan oyunların açılış və bağlanış mərasimlərini, yarışları belə yüksək səviyyədə təşkil etməklə, həm xalqımızın sahib olduğu zəngin tarixi, mədəni dəyərləri, həm də müasir dövrdə yüksək inkişafını sübuta yetirdi. Bu günə qədər bir çox beynəlxalq yarışlara, dünya və Avropa çempionatlarına, humanitar, iqtisadi, siyasi tədbirlərə yüksək səviyyədə evsahibliyi edən ölkəmiz bir daha göstərdi ki, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər.

Azərbaycan idmançılarının bu oyunlarda qazandığı yüksək nailiyyətlərə də toxunan millət vəkili hesab edir ki, idmançılarımızın yarışları birinci sırada başa vurması heç də təsadüfi deyil: "54 ölkənin iştirak etdiyi lV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanmaq həqiqətən böyük və qürurduyulası uğurdur. Bu Azərbaycan idmançılarının tarixi qələbəsidir. Və mən bunu Azərbaycan dövlətinin uzun illərdir ardıcıllıqla, planlı şəkildə həyata keçirilən işlərin, idman sahəsində atılmış addımları məntiqi nəticəsi hesab edirəm. Azərbaycan artıq dünyada həm də güclü idman ölkəsi kimi tanınır, idmançılarımızın adları dünyanın ən güclüləri sırasında çəkilir. Əminəm ki, bu gün əldə olunan möhtəşəm qələbələr gələcək yarışlarda da artaraq davam edəcək".