YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə müstəsna yer tutur

«Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay  çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi». Bu fikri BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha

da gücləndirmiş oldu. Onun sözlərinə görə, XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü

və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

«Azərbaycan Xalq Cümhuriyyəti mövcud olan dövrdə beynəlxalq aləmdə baş verən bir sıra siyasi hadisələr Azərbaycana öz təsirini göstərmiş oldu. Belə ki, 1918-ci il iyunun 4-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti ölkə daxilində ona edilən təcavüzü aradan qaldırmaq üçün Osmanlı dövlətindən kömək ala bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin bu müraciətinə müsbət cavab verən Osmanlı hökuməti Nuru Paşanın rəhbərliyi ilə təşkil olunmuş Qafqaz İslam Ordusunu Azərbaycana göndərmiş oldu. 1918-ci il iyunun sonu – iyulun əvvəllərində Qafqaz İslam Ordusu Şaumyanın 20 minlik ordusu ilə ölüm-dirim savaşında qalib çıxdı. Bakı Soveti qüvvələrinin məğlub edilməsi ilə Bakının azad edilməsi uğrunda istiqlal mübarizəsi başlandı. Hadisələr bu şəkildə uzun müddət davam edə bilmədi. Birinci Dünya müharibəsinin iştirakçısı olan Osmanlı dövləti Mudros barışığına görə məğlub dövlət kimi Cənubi Qafqazı, o cümlədən Azərbaycanı tərk etməyə məcbur oldu. Antanta qüvvələri adından general Tomsonun rəhbərliyi altında ingilis qoşunları 1918-ci il noyabrın 17-də Bakıya daxil oldular. Amma buna baxmayaraq AXC hökuməti dövlətin möhkəmlənməsi və dünyada tanınması üçün bir sıra mühüm addımlar atdı. Təəssüf ki, bolşevik Rusiyasının imperialist siyasəti nəticəsində cümhuriyyət süqut etdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cümhuriyyət tarixi araşdırılmağa başlandı. Bu istiqamətdə Ümummilli liderimiz Heydər Əliyevin qərarları xüsusi qeyd edilməlidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün AXC-nin tarixi ciddi şəkildə araşdırılaraq sanballı elmi əsərlər yazılıb. Eyni zamanda, cümhuriyyətinin yaradıcılarına böyük ehtiram bəslənilir, onların adı əbədiləşdirilib. Prezident İlham Əliyevin AXC-nın 100 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncam da tariximizə verilən yüksək qiymətdir. Bu o deməkdir ki, Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixinə yüksək dəyər verir. Azərbaycan Xalq Cümhuriyyəti  milli dövlətçilik tariximizdə müstəsna yer tutur»- deyə, A.İsgəndərov vurğulayıb.