YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda XXIII "WorldFood Azerbaijan 2017" və "Ipack Caspian 2017" sərgiləri keçiriləcək

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgiləri keçiriləcək.

Bu barədə "Iteca Caspian" şirkətindən verilən məlumatda bildirilir.

Keçirildiyi illər ərzində "WorldFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı tədbir mövqeyini möhkəmləndirməyə müvəffəq olub. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan" sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulur. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Ənənəvi sərgiyə bu dəfə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri qatılacaq. Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə, Dağıstan və Stavropol vilayəti regional stendlə iştirak edirlər. Yüz faiz Şri-Lanka çayının istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən "Şri-Lanka Ti Bord" Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir sərgiyə qatılır. Təqdirəlayiq haldır ki, bu il sərgidə yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.

"Ipack Caspian 2017" sərgisinin iştirakçıları arasında həm birbaşa tara və qablaşdırma məhsullarını, həm də həmin məhsulların istehsalı üçün həll variantlarını təklif edən Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri var.

Təşkilatçılar sərgi ilə yanaşı, Bakı Ekspo Mərkəzində qida məhsulları tədarükçüləri və pərakəndə ticarət şəbəkələrinin (PTŞ) nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Bu görüşlər zamanı iştirakçılar aparıcı pərakəndə ticarət şəbəkələrinin nümayəndələri ilə birbaşa danışıqlar apara bilərlər.

Ötən müddətdə sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkanlar yaradır.