YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Azərbaycan qonşu ölkələrlə dostluq və qardaşlıq mühitində yaşamağa çox böyük önəm verir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə şeyxülislam ölkələrimiz arasında əsrlərə söykənən tarixi, dini əlaqələrdən danışıb. O, Azərbaycan ilə İran arasında son illər sürətlə inkişaf edən əməkdaşlığı diqqətə çatdırıb, dövlətlərimizin başçılarının iki ölkə arasındakı dostluq əlaqələrinin inkişafında oynadıqları mühüm rolu xüsusi vurğulayıb.

A.Paşazadə Azərbaycanda və İranda son dövrlərdə sürətli inkişafın müşahidə olunduğunu qeyd edib. Şeyxülislam ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. O deyib ki, Azərbaycan qonşu ölkələrlə dostluq və qardaşlıq mühitində yaşamağa çox böyük önəm verir.

Mahmud Vaezi hər dəfə Azərbaycana səfərində burada çox böyük inkişafın və tərəqqinin şahidi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycanın inkişafı İran xalqını daim sevindirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyinin İran xalqını çox narahat etdiyini deyən Mahmud Vaezi qısa müddətdə onların öz doğma torpaqlarına qayıdacaqlarına ümid etdiyini diqqətə çatdırıb. O bildirib ki, İran Azərbaycan xalqının daim sülh şəraitində, rifah içində yaşamağını istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.