YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran şirkətləri Azərbaycanın neft-qaz sektorunda səmərəli fəaliyyət göstərir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycanla İran arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və Prezident İlham Əliyevin bu ilin aprelində Tehrana rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə yeni təkan verdiyini diqqətə çatdırıb. İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda səmərəli fəaliyyət göstərdiyini bildirən ARDNŞ-in prezidenti hər iki ölkənin bu sahədə zəngin təcrübəyə malik olduğunu və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaratdığını vurğulayıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanda müşahidə olunan sürətli sosial-iqtisadi inkişafın nümayəndə heyəti üzvlərində dərin təəssürat doğurduğunu bildirib. Nazir məlumat verib ki, İran nümayəndə heyəti səfər çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında və biznes forumunda iştirak edəcək. “Şahdəniz” və Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsində İranın NİCO şirkətinə yaradılmış əlverişli fəaliyyət imkanları üçün ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirən Mahmud Vaezi neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi yüksəlişinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə ölkələrimiz arasında enerji sahəsində də əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu qeyd edilib. Həmçinin Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə olunması məsələsinin ekspertlər səviyyəsində müzakirəsinin nəzərdə tutulduğu bildirilib və tərəfləri maraqlandıran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.