YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsgərlərimizin sayıqlığı və qəhrəmanlığı sayəsində düşmənin bütün cəhdlərinin, hücumlarının qarşısı qətiyyətlə alınır

Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı döyüşlərdə həlak olmuş hərbi qulluqçular müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2014-cü il 3 avqust tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər.

Avqustun 3-də Tovuz, Qzax, Qax, Masallı və Ağdam rayonlarında medallar şəhidlərin ailələrinə, yaxınlarına təqdim olunub və başsağlığı verilib.

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində şəhid əsgər Poladov Vüqar Hidayət oğlunun valideynlərinə medalın təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirdə çıxış edənlər son günlər cəbhə xəttində baş verən hadisələrdən, əsgərlərimizin igidliklərindən danışıblar. Bildirilib ki, bütün təxribatlara baxmayaraq əsgərlərimizin sayıqlığı və qəhrəmanlığı sayəsində düşmənin bütün cəhdlərinin, hücumlarının qarşısı qətiyyətlə alınır.

Müdafiə nazirliyinin nümayəndəsi, general-leytenant Rövşən Əkbərov medalı şəhidin atası Hidayət Poladova təqdim edib.

Hidayət Poladov mərasimdə deyib: Oğlum ölməyib, Vətən uğrunda şəhid olub və ən yüksək zirvəyə ucalıb. Mən özüm də Vətən uğrunda şəhid olmağa hazıram.

Qazax rayonunun Cəfərli kəndində Azərbaycan Ordusunun giziri şəhid Almazov İsa Ziyad oğlunun xatirəsi ehtiramla yad olunub.
Ermənilərlə döyüşdə şəhid olan gizir İsa Almazov da ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

Medalı general-leytenant Rövşən Əkbərov şəhid İsa Almazovun oğluna təqdim edib.

Qax rayonundan hərbi qulluğa çağırılmış və qəhrəmancasına həlak olmuş kiçik gizir Elçin Əhmədovun xatirəsinə həsr olunmuş mərasimdə də şəhidlərin igidliklərindən danışılıb. Bildirilib ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq, düşmən tezliklə layiqli cəzasını alacaq.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abakər Mirzəyev deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanın rəhbərliyi altında bütün tapşırıqları yerinə yetirməyə tam hazırdır.

Daha bir tədbir Masallı rayonunda təşkil olunub.

İgid əsgər Rəhimov Əli Fətulla oğlunun doğulub boya-başa çatdığı Masallı rayonun Köçəkli kəndində keçirilən mərasimdə çıxış edənlər şəhidlərin ölməzliyi, Vətənin müdafiəsinin müqəddəsliyi, igidlərin əbədiyaşar olduqlarını vurğulayıblar.

Əminliklə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altında torpaqlarımızın tezliklə düşmən tapdağından tam azad olunacağı əminliklə qeyd edilib.

Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani şəhidin qardaşı Zakir Rəhimova medalı təqdim edib.

Z.Rəhimov ailəsi adından ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını bildirib.

Ağdam rayonun Quzanlı qəsəbəsində keçirilən mərasimdə Ermənistan silahlı qüvvələrinin basqını zamanı döyüşlərdə həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əhmədov Qaryağdı Eldar oğlunun igidliyindən danışılıb.

Mərasimdə şəhidlərin şücaətindən bəhs edildi, ruhlarına dualar oxunub.

Çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi İslam Gəncəliyev və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli bildirdilər ki, Ermənistan ordusunun son günlər cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqını Silahlı Qüvvələrimizin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində qətiyyətlə alınıb. Düşmən bütün istiqamətlərdə itki verərək geri çəkilməyə məcbur edilib.
Şəhidin atası Eldar Əhmədov oğlunun Vətən uğrunda həlak olduğuna görə fəxr etdiyini bildirərək deyib: “Təki Vətən sağ olsun!”.

Sonda şəhid Qaryağdı Əhmədovun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim edilib.