YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Biz torpaqlarımızı işğalçılardan azad etməyə hazırıq

«Şəhidlər bütün xalqımızın övladlarıdır. Çünki onlar xalqımız, torpağımız, vətənimiz uğrunda canlarından keçiblər». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, şəhidlərin əziz xatirəsi həmişə böyük ehtiramla yad edilir. Onun sözlərinə görə, son günlər Ermənistanın təxribatçı əməllərinin qarşısını alan zaman şəhid olmuş hərbçilərin ailələrinə də mənəvi dəstək olmaq ciddi məsələdir.

«Yeni Azərbaycan Partiyası hər zaman belə  məsələlərə həssaslıqla yanaşır. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Partiyamızın rəhbər şəxsləri, millət vəkilləri, o cümlədən YAP Qadınlar Şurasının nümayəndələri şəhidlərin dəfnlərində və hüzr mərasimlərində iştirak edirlər. Mən və deputat həmkarım, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova Salyan, Masallı və Biləsuvar rayonundan olan şəhidlərimizin hüzr yas mərasimlərində iştirak etmişik, öz başsağlımızı onların valideynlərinə çatdırmışıq. Biz belə qəhrəman oğullarımızla fəxr edirik. İnanırıq ki, məhz belə oğullarımızın sayəsində Qarabağı işğalçılardan azad edəcəyik. Görünən budur ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri münaqişənin ədalətli həllinə o qədər də maraqlı deyillər. Ona görə də, biz torpaqlarımızı  işğalçılardan azad etməyə hazır olmalıyıq və hazırıq da»- deyə, M.İbrahimqızı qeyd edib.