YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilir

Fevralın 22-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilir.

Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak edirlər.

Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yasevi Universitetinə öz təşəkkürümü bildir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.

Nazir diqqətə çatdırıb ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.

Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Tədbirin rəsmi açılışında, həmçinin Türk Şurasının baş katibi Ramil Həsənov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, Türkiyə Böyük Millət Məclisinin sədrinin müavini Ahmet Aydının, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda ediləcək çağırışlar Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına və bu bəşəri cinayəti törədən erməni millətçilərinin beynəlxalq ədalət məhkəmələri tərəfindən cəzalandırılması üçün daha bir zəmin olacaq. Diqqətə çatdırılıb ki, bütün dünya ictimaiyyəti Xocalı cinayətini soyqırımı aktı kimi tanıması gələcəkdə belə cinayətlərin baş verməməsinə əsas ola bilər. Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampanıyası çərçivəsində görülən işlər Xocalı soyqırımının dəhşətlərinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayır.

Konfrans “Xocalı soyqırımı: XX əsrin sonunda insanlıq faciəsi” və “İnsanlıq əleyhinə cinayətlər, soyqırımı, terrorizm və onların əlaqəsi” mövzularında keçirilən panel iclaslarla davam etdirilir.

İştirakçılara Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ probleminə dair kitablar, eləcə də Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin nadir nəşrləri paylanıb.

Konfrans salonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm sərgisi nümayiş etdirilir.

DİGƏR Xəbərlər Arxiv