YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Prezidentin məcburi köçkünlərlə bağlı Fərmana etdiyi dəyişikliklərə münasibət bildirib

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana etdiyi dəyişikliklərə münasibət bildirib.

Bəzilərinin bu dəyişiklikləri yanlış istiqamətdə yozmasının təəssüf doğurduğunu qeyd edən Əli Həsənov deyib: “Azərbaycan Prezidentinin yanvarın 23-də imzaladığı fərman 5-10 günə hazırlanmayıb. Dövlət başçısının tapşırığına əsasən üç-dörd ay əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar həmin Fərman üzərində işləyiblər. 2016-cı ilin dekabr ayında Fərmanın ilkin variantı hazır olub.

Bəzi məcburi köçkünlərin yaşadıqları evlər təbii qazla təmin olunmayıb. Elə yaşayış yerləri də var ki, qaz, su, işıq var, amma sayğacların quraşdırılması üçün şərait yoxdur. Harada qaz yoxdursa, təbii ki, orada elektrik enerjisi sərfiyyatı çox olacaq. Lakin biz dekabr ayında konkret rəqəmləri ortaya qoya bilmirdik. Ona görə də dövlət başçısı 30 gün müddətində yenidən vaxt verdi ki, aidiyyəti qurumlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə monitorinq aparılsın. Beləliklə, monitorinq aparıldı və qaz olmayan yataqxanalar, pansionatlar, yarımçıq tikililər, qazı, suyu, işığı olan, sayğacların quraşdırılması mümkün olan yerlər müəyyən edildi. Burada söhbət kompakt yaşayış yerlərindən, yəni, 50-100 ailənin yaşadığı yerdən gedir. Yanvar ayında aidiyyəti qurumlar tərəfindən real sərfiyyat müəyyənləşdirildi və Prezidentə məruzə olundu”.

Baş nazirin müavini qeyd edib ki, yanvarın 1-dən qaz, su, elektrik enerjisi olan, sayğac quraşdırılması mümkün olmayan yerlərdə - yataqxanalarda, pansionatlarda, yarımçıq tikililərdə və kompakt məskunlaşılan digər obyektlərdə ödəniş əvvəlki – mərkəzləşmiş qaydada olacaq.