YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələrini inamla irəliləmək üçün sıx birləşməyə çağırışdır

İslam ölkələri hər zaman bir-birini dəstəkləməlidir. Bu ölkələr arasında həmrəylik, qarşılıqlı anlaşma indiki vaxtda çox önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi bu baxımdan zamanında verilmiş bir qərardır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransada fəaliyyət göstərən Lion Böyük Məscidinin rəhbəri Kamel Kabtan söyləyib. O bildirib ki, bu gün müsəlman dünyasında həmrəylik məsələsində çatışmazlıqlar var. Dünyada, xüsusilə də müsəlman ölkələrində baş verənlər bir daha göstərir ki, həmrəylik sözdə qalmamalıdır, həyata keçirilməlidir. Azərbaycan Prezidentinin bu Sərəncamı İslam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısının bu təşəbbüsü göstərir ki, Azərbaycan təkcə tolerantlığın, multikulturalizmin deyil, həm də İslam həmrəyliyinin möhkəmlənməsinin modelidir. Bu təşəbbüs müsəlman ölkələrini daha inamla irəliləmək üçün sıx birləşməyə səsləyir.

Kamel Kabtan deyib ki, XXI əsrdə Prezident İlham Əliyev kimi beynəlxalq aləmə açıq şəxsiyyətlərə ehtiyac var. Azərbaycan Prezidentini bu yolda dəstəkləmək və onun bu təşəbbüsünü təşviq etmək lazımdır. Bu gün müsəlman dünyasının daha da inkişaf etməsi üçün həmrəyliyə ehtiyacı var. Bu baxımdan Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü vaxtında atılmış addımdır.

Kamel Kabtan Azərbaycandakı multikulturalizm dəyərlərinə də toxunub. O, ölkəmizdə multikulturalizmlə bağlı konfransda iştirak etdiyini bildirib, xalqımızın qonaqpərvərliyinə heyran qaldığını qeyd edib. Vurğulayıb ki, konfrans iştirakçıları ölkəmizdə hökm sürən tolerant, multikultural mühitinin şahidi olublar. Multikulturalizm Azərbaycanın zəngin irsidir. Azərbaycan dünyaya açıq, tolerant bir ölkə olduğunu artıq sübut edib. Qardaşlıq və tolerantlıq azərbaycanlıların həyat tərzidir.

“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılışında iştirak etmişəm. Bu şəhərcikdə ölkənin bütün sahələri aydın şəkildə təqdim olunurdu. Şəhərciyin stendləri ölkənin bütün sahələrini əhatə edir və geniş məlumat verirdi. Burada Azərbaycanın dünyaya verə biləcəyi hər şey əks olunurdu. İştirakçılarla söhbətimiz əsnasında hər kəs bu ölkənin dostluq, qardaşlıq, tolerantlıq ölkəsi olduğunu bildirirdilər. Azərbaycanda tolerantlığın mənbəyi bu ölkənin mədəniyyətidir, onun Avropa ilə Asiya arasında körpü rolu oynamasıdır. Müxtəlif mədəniyyətlərin nümayəndələri tarixən məhz bu ölkədə qərarlaşıblar”, - deyə Kamel Kabtan qeyd edib. O, Azərbaycanın Fransadakı səfiri ilə görüşdüyünü və gələcəkdə Lion şəhərində də belə mədəniyyət təbirlərinin təşkili barədə müzakirələr aparıldığını diqqətə çatdırıb.