YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan-Aİ münasibətləri yeni mərhələyə qədəm qoyub

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir: “Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir”.

“Azərbaycanla bu qurum arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanıb. Bu sazişdə ikitərəfli münasibətlərin bütün aspektləri əks olunmalıdır. Hesab edirəm ki, bu, əlaqələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”,-deyə S. Fətəliyeva əlavə edib.

Dövlətimizin başçısı ilə görüşündə Aİ Şurasının prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin və status-kvonun dəyişməsinin zəruriliyini vurğulamasının olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyən millət vəkili əlavə edib ki, bu, Azərbaycanın uğurlu xarici siyasət kursunun qanunauyğun nəticəsidir: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal xarici siyasət həyata keçirir. Bunun nəticəsi kimi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini xüsusi olaraq bəyan edirlər. Bu kontekstdə Avropa İttifaqına daxil olan ölkələr də mühüm yer tuturlar. Bütövlükdə isə, Aİ Şurasının prezidentinin bəhs olunan fikirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə beynəlxalq hüquq normaları əsasında, obyektiv yanaşmanın ifadəsidir”.