YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səyavuş Heydərov: Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addımdır

«2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addımdır. Prezident İlham Əliyevin müdrik, düşünülmüş və geniş mənəvi elementləri özündə ehtiva edən bu uzaqgörən addımı dünya miqyasında strateji əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, böyük siyasi cəsarət və dövlətçilik məharəti göstərən dövlətimizin başçısı Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunu da gücləndirərək ümumilikdə bütün dünyaya həmrəylik mesajı verdi». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki,  cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqları üzərində qurulub. Təbii ki, “İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq çağırışları ehtiva edən səbəbləri var. Onun sözlərinə görə, daxili səbəblər ondan ibarətdir ki, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmiz öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirməklə, İslam həmrəyliyini eyni zamanda vətəndaş həmrəyliyinin tərkib hissəsi kimi görür. Ölkəmizdə yaşayan vətəndaşların mütləq əksəriyyətinin İslam dininin mənsubları olduğunu nəzərə alsaq, həmrəyliyin nə qədər böyük ictimai-mədəni əhəmiyyəti olduğunu anlamış olarıq.

«Xarici səbəblərə gəldikdə isə burada Azərbaycanın dünyaya elan etdiyi yeni bir çağırışın şahidi oluruq. Heç kim üçün sirr deyil ki, bu gün dünyada dini zəmində, eləcə də məzhəblərərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracağı prosesinin başlandığını gözardı edə bilmərik. Dolayısıyla, dini təhlükəsizlik bir çox ölkələrin milli təhlükəsizliyinin əsas tərkib hissəsinə çevrilib. Xüsusilə İslam ölkələri hər gün yeni təhdidlərlə üzləşməkdədirlər. Məhz belə bir şəraitdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi bu mənfi ənənəyə, habelə Qərbin bəzi dairələrinin islamofob mövqeyinə bir növ “yox” deyilməsidir. Onu da xüsusi qeyd etmək lazımdır ki, heç də hər İslam ölkəsində belə cəsarət görmək mümkün deyil. Çünki bəzi İslam ölkələrinin özləri də müəyyən geosiyasi və geoiqtisadi maraqlar çərçivəsində oynanılan oyunların bilərək və ya bilməyərək alətinə çevriliblər. Bir sözlə, İslam həmrəyliyinin elan edilməsində biz bir çox amilləri görürük. Bunlar müstəqil, prinsipial və cəsarətli siyasət, milli-mənəvi dəyərlərə sədaqət, sülhə və birliyə çağırış, möhkəm iqtisadi potensial və ən nəhayət, güclü Azərbaycan dövləti deməkdir»- deyə, Komitə sədrinin müavini vurğulayıb.