YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə bütün dünyada mədəniyyətin inkişafına böyük töhfədir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə dünyada mədəniyyətin inkişafına böyük töhfədir. Çox şadam ki, ilbəil festivalın coğrafiyası genişlənir və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir.

Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət simfonik orkestrinin dirijoru Dmitri Yablonski deyib.

D.Yablonski festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya musiqiçilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.

Beynəlxalq musiqi festivalındakı təşkilatçılığı yüksək qiymətləndirən Dmitri Yablonski musiqisevərlərin dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından həzz alacaqlarına əminliyin ifadə edib.

Azərbaycanın öz zəngin tarixi və ənənələrinə görə dünyanın inkişaf etmiş ölkələrindən biri olduğunu söyləyən D.Yablonski bu musiqi bayramı proqramının əvvəlkilərlə müqayisədə çox zəngin olduğunu diqqətə çatdırıb.

D.Yablonski iştirakçılar və qonaqlar arasında məşhur kollektivlərin, müasir ifaçılıq sənətinin zirvəsində dayanan dünya şöhrətli ustad sənətkarların olmasını festivalın gündən-günə artan nüfuzunun bariz nümunəsi kimi qiymətləndirib. O deyib: “Qəbələyə toplaşan dünyanın məşhur mədəniyyət xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Festival çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Buradakı bir konsert digərlərindən fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən və ətraf rayonlardan yüzlərlə tamaşaçının, o cümlədən xarici vətəndaşların gəlməsi insanların bu festivala olan böyük marağından xəbər verir”.