YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Kroftsla görüşüb.

Komitədən verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Ə.Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri-neft və neft sektorunda fəaliyyət göstərdiyini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib.

Baş nazirin müavini eyni zamanda Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızılın Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yol verilməz olduğunu səfirin diqqətinə çatdırıb və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Ə.Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir:

“Ermənistan intensiv olaraq danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir”.

Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini Ə.Həsənov vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb.