YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Şəhərin mötəbər və məşhur məkanlarından sayılan “Mayflower” otelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporunun fəal üzvləri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfir Elin Süleymanov soydaşlarımızı bayram münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın xaricdə həmvətənlərimiz arasında birliyin təşviqi və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbriki qonaqların diqqətinə çatdırıb. Daha sonra səfir Azərbaycanın dövlətçilik tarixindən, 1918-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyətindən danışıb. Bu xüsusda səfir Heydər Əliyev Fondunun dəstəyi ilə eyni adlı roman əsasında çəkilən “Əli və Nino” filmini seyr etməyi soydaşlarımıza tövsiyə edib.

Eyni zamanda, bu ilin ölkəmizin müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün tamam olması baxımından əhəmiyyətini vurğulayan səfir E.Süleymanov aparılan məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanın dünyada ciddi tərəfdaş kimi qəbul edildiyini bildirib. Bu xüsusda səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, o cümlədən Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmini istiqamətində görülən işlər barədə danışıb. Həmçinin diplomat bildirib ki, hazırda dünyanın bir çox yerlərində dözümsüzlüyün və radikalizmin artması meyilləri müşahidə olunduğu halda, ölkəmizin multikulturalizm modeli və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr dünyada dərin rəğbət qazanıb.

Tədbirdə, həmçinin Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdimatı ilə ziyafət təşkil edilib, xalq və müasir musiqilərimiz səsləndirilib.