YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Nəbizadə: Gələn ilin büdcəsi bugünkü çağırışlara cavab verən bir büdcə layihəsidir

«Enerji ehtiyatlarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, dünyada baş verən geosiyasi proseslər Azərbaycan iqtisaiyyatına da təsirini göstərib və fikrimcə gələn ilin büdcəsi bu çağırışlara cavab verən bir büdcə layihəsidir. Sosial xərclər mühüm yer tutur və keçən illərdə ki kimi dövlət bütün sosial öhdəliklərinin yerinə yetirəcək. Xərclər hissəsi maksimal səmərəlilik amili ilə hesablanıb və məhz bu ən vacib amildir. Dövlət qurumları ayrılmış vəsaitləri qənaətlə xərcləməli olacaqlar, ümumilikdə bütün subyektlər işlərini və idarəetmə sistemini effektiv qaydada təşkil etməli olacaqlar ki, bu da zamanın tələbidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.   

K.Nəbizadə bildirib ki, gəlirlər hissəsi büdcəni və onun icrasını formalaşdırır. Bu baxımdan gəlirlərin artması imkanlarına daha çox önəm verilməlidir, bu artım da bir başa iqtisadiyyatın ümumi artımı, Ümumi Daxili Məhsulun artması ilə bağlıdır, çünki məhz bu sahədə yığılan vergilər büdcənin gəlirlər hissəsini təşkil edir. Onun sözlərinə görə, burda ən müsbət məqam odur ki, büdcədə neftin qiyməti 40 dollar səviyyəsində götürülüb. Nəzərə alsaq ki, OPEK-in proqnozlarına görə gələn il Azərbaycan ən azı 240 milyon barel xam neft ixrac edəcək, 2017-ci ildə neftin orta illik qiyməti 48-55 dollar ətrafında proqnozlaşdırılır, bu proqnozlar gerçəkləşsə ən minimal halda ölkəyə 2 milyard dollar həcmində əlavə vəsait daxil olacaq.

«Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev gələcək iqtisadi strategiyası prinsiplərini açıqladı və iqtisadi inkişafın ən prioritet istiqaməti kimi qeyri-neft sektorun həcminin artırılması bir məqsəd kimi işarələndi. Əlamətdardır ki, məhz parlamentdə büdcə müzakirələri başlanan gün, dekabrın 6-da,  ölkə başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” haqqında fərmanı imzaladı və bu fərmanda iqtisadiyyatın bütün sahələrinin inkişaf və artım istiqamətləri göstərilir. Bu il Milli Məclisdə bir sıra qanunlara dəyişikliklər edildi, istehsal, gömrük və vergi sistemində yeniliklər tətbiq olundu ki, bu da iqtisadiyyatın daha şəffaf və dinamik inkişafına yönəlib»- deyə, komitə sədrinin müavini vurğulayıb.